Bu il boşanmaların sayı azalsa da, ümumilikdə əvvəlki illərlə müqayisədə boşananlar çoxalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda 8 087 boşanma halları qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə boşanmaların sayı isə 2-dən 1,9-a düşüb. Həmçinin, paralel olaraq nikaha daxil olanların sayı da azalıb.
Bu statistika rəsmi nikahda olan ailələrlə bağlıdır. Məlumdur ki, rəsmi nikaha girmədən ailə münasibətində yaşayan, övlad sahibi olan cütlüklər var. Rəsmi nikah hər iki tərəfdə həm evlilik, həm də evlilikdən sonra müəyyən öhdəlik, məsuliyyət yaradır. Lakin rəsmiləşməyən nikah və ayrılıq zamanı mübahisə yaranan halların həlli çətin olur. Xüsusilə, uşağa ödənilən aliment məsələsinin necə həll olunması sual doğurur.
Mövzuya münasibət bildirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, təcrübədə ailə münasibətlərinin iki əsas forması ilə rastlaşırıq:
“Birinci forma rəsmi nikahdır. Bu zaman tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq nikaha daxil olur və ailə həyatı qururlar. Gələcəkdə ailə dağıldığı halda nikahın pozulması ilə bağlı məhkəmə prosesi keçirilir. Həmin proses çərçivəsində nikah ləğv edildikdən sonra uşaqların hansı valideynin yanında qalacağı, aliment öhdəliyi, eləcə də nikah dövründə əldə edilmiş əmlakın bölünməsi kimi məsələlər həll edilir.
İkinci forma isə faktiki ailə münasibətləridir.
Bu halda tərəflər rəsmi nikaha daxil olmasalar da, bir ailə kimi yaşayır, bəzən övlad sahibi olurlar. Belə münasibətlər başa çatdıqda nikahın pozulması ilə bağlı məhkəmə prosesi mümkün olmur, çünki hüquqi baxımdan nikah mövcud deyil. Lakin bu, digər hüquqi məsələlərin həllini istisna etmir. Məsələn, tərəflərin ümumi övladları varsa, uşağın yanında qaldığı valideyn digər valideyndən onun saxlanılması üçün aliment tələb etmək hüququna malikdir”.
Hüquqşünas qeyd edib ki, praktikada ən çox rast gəlinən hallardan biri də tərəflərin rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətlərində yaşamalarıdır:
“Belə münasibətlərdən uşaqlar dünyaya gəlsə də, bəzən onların sənədlərində atalıq hüquqi baxımdan rəsmiləşdirilməmiş olur. Yəni ata müvafiq dövlət orqanına müraciət etmədiyi üçün uşağın atası kimi rəsmi qeydiyyata alınmır. Belə hallarda, əgər ana uşağın saxlanılması üçün aliment tələb etmək istəyirsə, ilk növbədə məhkəmədə atalıq faktının müəyyən edilməsinə nail olmalıdır.
Çünki rəsmi sənədlərdə uşağın atası göstərilmədiyi halda aliment tələbi birbaşa irəli sürülə bilməz. Bu zaman ana məhkəməyə müraciət edərək bildirir ki, müəyyən şəxslə faktiki ailə münasibətlərində olub və həmin münasibətlərdən bir və ya bir neçə övlad dünyaya gəlib. O, məhkəmədən həmin şəxsin uşaqların atası olmasının hüquqi fakt kimi tanınmasını xahiş edir.
Məhkəmə təqdim olunan sübutları araşdırır və zərurət yarandıqda digər sübutetmə vasitələrindən, o cümlədən ekspertizadan istifadə edir. Araşdırmanın nəticəsində həmin şəxsin uşaqların atası olduğu müəyyən edilərsə, bu barədə məhkəmə qərarı qəbul olunur. Ana eyni iddia ərizəsində həm atalıq faktının tanınmasını, həm də uşaqların saxlanılması üçün alimentin tutulmasını tələb edə bilər. Bu halda məhkəmə bir icraat çərçivəsində həm atalığı müəyyən edir, həm də aliment məsələsini həll edir”.
O vurğulayıb ki, əvvəlcə ayrıca məhkəmə qaydasında atalıq faktı müəyyən edilə, qərar qanuni qüvvəyə mindikdən sonra isə ana həmin şəxsdən uşaqların saxlanılması üçün alimentin tutulmasını ayrıca məhkəmə qaydasında tələb edə bilər.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 24.07.2026
Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH
Hazırda oxunan: Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH
Hazırda oxunan: Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH
627069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































