Hansı universitetlər yay tətilində təqaüd ödəyir? – ARAŞDIRMA

Hazırda oxunan: Hansı universitetlər yay tətilində təqaüd ödəyir? – ARAŞDIRMA

625050

Yay tətilinin başlaması ilə əlaqədar ali təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bu səbəbdən bir çox universitetdə tələbələrə iyun, iyul və avqust ayları üzrə təqaüd ödənişləri həyata keçirilmir. Nəticədə tələbələr yay aylarında təqaüd ala bilmədikləri üçün maliyyə baxımından müəyyən çətinliklərlə üzləşirlər.

Mövcud qaydalara əsasən, yay aylarında ödənilməyən təqaüdlər yeni tədris ilinin başlanğıcında – sentyabr ayında köçürülən təqaüdlə birlikdə tələbələrin hesabına yatırılır. Yəni tələbələr sentyabr ayında həm cari ayın, həm də yay dövrü üzrə hesablanmış təqaüdləri toplu şəkildə əldə edirlər.

Lakin bu sistem hər il tələbələr arasında müxtəlif suallar doğurur. Xüsusilə yay aylarında təqaüd hesabına gündəlik xərclərini qarşılayan tələbələr ödənişlərin niyə aylıq deyil, toplu şəkildə həyata keçirildiyini tez-tez gündəmə gətirirlər. Bu səbəbdən də sentyabr ayına qədər təqaüd ala bilməyən tələbələr ödənişlərin vaxtı və qaydası ilə bağlı rəsmi açıqlamaları diqqətlə izləyirlər.

Bəs hansı universitetlər təqaüdlərini yay tətilində də ödəyirlər?

Bizim.Media məsələni araşdırmaq üçün bir neçə universitetlə əlaqə saxlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində tələbələr yay tətilində belə, təqaüdlərini alırlar.

Bu hal digər universitetlərdə necə tənzimlənir?
 

Azərbaycan Texniki Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova sorğumuza cavab olaraq bildirib ki, ATU-da  yaz semestri üzrə təqaüdlər sonuncu dəfə iyunda ödənilib:


"Payız semestri üzrə sentyabrdan başlayaraq tədris ilinin sonuna kimi ödəniləcək. Sentyabrda həmçinin iyul və avqust aylarının təqaüdləri də tələbələrin kartlarına köçürüləcək", - deyə universitet nümayəndəsi qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev də ADPU-da da təqaüdlərin eyni formada ödənildiyini deyib:

"İyul, avqust və sentyabr aylarının təqaüdləri birlikdə ödənilir", deyə o, bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovanın açıqlamasına görə, UNEC-də yay tətilində təqaüdlər aybaay ödənmir, sentyabrda ödənilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev isə AZMİU-da da təqaüdlərin tətildə ödənilmədiyini, sentyabrın təqaüdüylə birlikdə verildiyini qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin