Yeni tədris ilinin başlamasına iki aydan çox vaxt qalsa da valideynləri maraqlandıran əsas məsələlərdən biri məktəbli formalarının satışı və qiymətləridir. Xüsusilə ötən illərlə müqayisədə qiymətlərdə dəyişiklik olub-olmayacağı, satışın nə vaxt başlayacağı və kifayət qədər məhsul ehtiyatının olub-olmaması diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, yeni tədris ilinə hazırlıq işlərini davam etdirirlər.
Müəssisədə məktəbli formalarının istehsalı və satış mövsümünə hazırlıq prosesi aparılır, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən satış məntəqələrinin məhsulla təmin olunması istiqamətində işlər görülür:
“Mağazalarımızda məktəb formaları hər zaman mövcuddur, ilboyu satılır, tədris mövsümündə isə daha çox satılır. Anbarlarda da əlavə formalar saxlayırıq. Buna görə də növbəti tədris mövsümünə çoxdan hazırıq. Hazırda Bakı Tikiş Evində təxminən 60 min forma mövcuddur. Ancaq lazım olduqca yenilərini tikirik”.
Valideynləri maraqlandıran əsas suallardan biri də formaların qiymətlərinin dəyişib-dəyişməyəcəyidir. Xammal bazarında baş verən dəyişikliklər fonunda bu il məktəbli geyimlərinin bahalaşıb-bahalaşmayacağı ilə bağlı da gözləntilər var.
Etibar Əzimov formaların parçalarında bahalaşma müşahidə olunduğuna diqqət çəkib. O, deyib ki, hazırda məktəbli formalarının qiymətiylə bağlı endirim etməyə imkan yoxdur
"Vaxtaşırı olaraq endirimlər etsək də, hazırda elə bir imkan yoxdur. Çünki hər şeyin qiyməti bahalaşıb. Hazırda qiymət eyni, standart qalıb. Ancaq materiallar gəldikdən, sərfiyyat olduqdan sonra dəyişiklik olsa, deyəcəyik. Biz parçaları Belarusiyadan, Türkiyədən alırıq. Bütün materialların qiyməti bahalaşıb. Formaların parçaları bahalaşdıqca qiymətləri də arta bilər. Əgər materialı başqa qiymətə alırıqsa, onun sərfiyyatının artımını əvəzləyə bilərik? Çindən kiloqramla gətirilən formalar bazarı korladı”- deyə o, bildirib.
Müsahibimiz sonda yeni BTE-nin yeni satış mağazalarının açılıb-açılmayacağına da münasibət bildirib:
"BTE-nin hazırda 7 satış mərkəzi var, hər biri fəaliyyət göstərir. Biz bəzi ticarət təşkilatlarına formaları topdan satırıq. Əgər lazım olsa, mağazaları artıracağıq. Hazırda satışımız azdır”.
Qeyd edək ki, hər il avqust ayından etibarən məktəbli formalarına tələbat kəskin artır. Bu səbəbdən mütəxəssislər valideynlərə alış-verişi son günlərə saxlamamağı tövsiyə edirlər.
Nəzrin Mirzəyeva, Bizim.Media





































































































