Azərbaycan mediasında İNSTİTUSİONAL TRANSFORMASİYA - Vahid yanaşma modelinin STRATEJİ ƏHƏMİYYƏTİ

Hazırda oxunan: Azərbaycan mediasında İNSTİTUSİONAL TRANSFORMASİYA - Vahid yanaşma modelinin STRATEJİ ƏHƏMİYYƏTİ

619583

Müasir dünyada kütləvi informasiya vasitələrinin təsir dairəsi sürətlə genişlənir. Qlobal miqyasda informasiya müharibələrinin əsas alətlərindən birinə çevrilən media bu gün cəmiyyətlərin taleyinə birbaşa təsir göstərən güc mərkəzidir. İnformasiya axınının sürətləndiyi, rəqəmsal platformaların dominantlıq qazandığı və süni intellektin mediaya inteqrasiya olunduğu indiki mərhələdə mətbuat yalnız xəbər ötürücüsü deyil, həm də ictimai rəyin formalaşdırıcısı və hətta geosiyasi proseslərə təsir edən gücə çevrilib.

Qlobal informasiya müharibələri və medianın transformasiyası

Qlobal miqyasda müşahidə olunan informasiya müharibələri fonunda medianın artıq rəqabət meydanından daha çox təsir və manipulyasiya məkanına çevrilməsi riskləri daha da artıb. Üstəlik, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi informasiya istehsalını artırmaqla yanaşı, eyni zamanda nəzarətsiz informasiya axını problemini də kəskinləşdirib.

Bu transformasiya operativlik baxımından üstünlük yaratsa da, keyfiyyət və etibarlılıq baxımından ciddi çağırışlar da gətirib. “Fake news” fenomeninin genişlənməsi, dezinformasiya kampaniyalarının sürətlənməsi və informasiya manipulyasiyası cəmiyyətlərin informasiya təhlükəsizliyi üçün real risklər yaradır.

İnformasiya mühitində problemlər və institusional zərurət

Məlum olduğu kimi, Vətən müharibəsinə qədərki dövrdə ölkəmizdə ucuz sensasiya, “şok xəbər” üzərindən populyarlıq qazanmağa çalışan bəzi media subyektlərinin milli və dövlət maraqlarına təhlükə yaratdığı hallar müşahidə olunurdu. Xüsusilə də, Vətən müharibəsinə qədərki dövrdə informasiya məkanında bu problemlər özünü daha qabarıq göstərirdi.

Həmin dövrdə media sahəsində mövcud problemləri və institusional boşluqları aydın şəkildə görən Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atdı. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra prioritet məsələlərindən biri də milli mətbuatın yeni mərhələyə çıxarılması oldu. Çünki regionda və dünyada mövqelərini möhkəmləndirən, beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilən Azərbaycanın güclü, peşəkar və məsuliyyətli mediaya ehtiyacı var idi.

“Media haqqında” Qanun: yeni informasiya modelinin hüquqi bazası

Bu proseslərin davamı olaraq qəbul edilən “Media haqqında” Qanun Azərbaycan informasiya məkanının normativ əsaslarını yenidən formalaşdırdı. Qanun ölkədə media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiya istehsalı və yayımı sahəsində müasir tənzimləmə mexanizmləri yaratdı.

Qanunun əsas məqsədi informasiya mühitinin sağlamlaşdırılması, media subyektlərinin rəqabət qabiliyyətinin artırılması, peşəkar jurnalistikanın inkişafı və ifadə azadlığının institusional təminatlarla möhkəmləndirilməsi kimi strateji hədəflərə nail olmaq idi. Geridə qalan dövr ərzində bu istiqamətdə çoxsaylı mütərəqqi addımlar atıldı. Əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, qanunla media fəaliyyətinin sərhədləri daha dəqiq müəyyənləşdirildi.

Peşəkar jurnalistikaya dövlət dəstəyi

Məlum olduğu kimi, ötən il mətbuatımızın yubiley ili dövlət səviyyəsində qeyd olundu. Prezident İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandı. Bundan əlavə, Dövlət başçısının Fərmanı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi.

İllərlə jurnalistika sahəsində peşəkar fəaliyyət göstərmiş, mətbuatımızın inkişafında əlindən gələni əsirgəməyən jurnalistlər sözügedən medalla təltif olundular. Təbii ki, bu peşəkar jurnalistlərə göstərilən diqqət və qayğının təzahürü olmaqla yanaşı, onların gələcək fəaliyyəti üçün stimula çevrildi.

Media və Yayım Şurasının yaradılmasının əhəmiyyəti

Hazırda media sahəsində aparılan institusional islahatların məntiqi davamı kimi Azərbaycanda vahid qurum — Media və Yayım Şurasının yaradılması təklif edilir. Bununla bağlı “Media haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara dəyişikliklər nəzərdə tutulur.

Təklif olunan modelin əsas fəlsəfəsi media sahəsində tənzimləmə mexanizmlərinin vahid və kollegial idarəetmə çərçivəsində birləşdirilməsindən ibarətdir. Müasir informasiya mühitində çap, onlayn və audiovizual medianın sərhədlərinin demək olar ki, silinməsi bu yanaşmanı obyektiv zərurətə çevirir.
 

Yaradılması təklif edilən Media və Yayım Şurası həm tənzimləmə, həm də inkişaf funksiyalarını koordinasiya edən vahid institusional platforma kimi çıxış etməklə media sahəsində daha çevik qərarvermə və effektiv, o cümlədən demokratik idarəetmə modelini formalaşdırmağı hədəfləyir.


Yeni qurumun kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərməsi onun ən mühüm institusional üstünlüklərindən biridir. Bu model qərarların daha şəffaf, balanslı və çoxsəslilik prinsipi əsasında qəbul olunmasına imkan yaradır. Eyni zamanda, bu yanaşma medianın müstəqilliyinin qorunması və quruma ictimai etimadın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Hüquqi müəyyənliyin artırılması və tənzimləmə mexanizmlərinin müasirləşdirilməsi isə idarəetmə sistemin dayanıqlığını gücləndirir.

Beynəlxalq təcrübə: vahid və əlaqələndirilmiş model

Beynəlxalq təcrübə göstərir ki, müasir media idarəetməsində əsas tendensiya tənzimləmə və inkişaf funksiyalarının vahid və ya sıx koordinasiya olunmuş institutlar vasitəsilə həyata keçirilməsidir.

Böyük Britaniyada fəaliyyət göstərən Ofcom modeli dünyada bu sahə üzrə ən klassik nümunələrindən biridir. Bu qurum yalnız televiziya və radio yayımını deyil, eyni zamanda telekommunikasiya, rəqəmsal kommunikasiya xidmətləri və istehlakçı hüquqlarının müdafiəsini də əhatə edir. Ofcom-un əsas üstünlüyü onun “parçalanmış nəzarət” yerinə vahid qərarvermə mexanizmi tətbiq etməsidir. Qurum həm bazar rəqabətini tənzimləyir, həm yayım standartlarını müəyyən edir, həm də onlayn mühitdə istifadəçi təhlükəsizliyi ilə bağlı nəzarət funksiyalarını icra edir.
 

Fransada media tənzimlənməsi əvvəlcə CSA modeli üzərində qurulsa da, sonradan bu struktur genişləndirilərək ARCOM formasında yenilənmişdir. ARCOM-un əsas xüsusiyyəti onun yalnız ənənəvi audiovizual sektorla məhdudlaşmaması, eyni zamanda rəqəmsal platformalar və onlayn kontent mühitinə də nəzarət funksiyalarını əhatə etməsidir. Bu model xüsusilə dezinformasiya ilə mübarizə, müəllif hüquqlarının qorunması və media plüralizminin təmin olunması kimi sahələrdə kompleks yanaşma tətbiq edir.


Kanadada CRTC media və telekommunikasiya sahələrinin vahid tənzimləyicisidir. CRTC modelinin əsas xüsusiyyəti onun “ictimai maraq mərkəzli” yanaşmasıdır. Bu yanaşma media siyasətini daha geniş sosial siyasət çərçivəsinə inteqrasiya edir.

Avstraliyada ACMA həm yayım, həm telekommunikasiya, həm də internet və rəqəmsal kommunikasiya sahələrini tənzimləyən vahid orqandır. ACMA-nın institusional gücü onun “texnoloji konvergensiya” prinsipinə uyğun qurulmasındadır. Yəni televiziya, radio, onlayn platformalar və rəqəmsal xidmətlər ayrı-ayrı deyil, vahid kommunikasiya ekosisteminin komponentləri kimi idarə olunur. Bu, xüsusilə sürətlə dəyişən texnoloji mühitdə tənzimləmənin effektivliyini artırır.

İnformasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə

Qeyd etmək vacibdir ki, Azərbaycandakı yeni institusional modelin əsas üstünlüklərindən biri də milli informasiya təhlükəsizliyinin gücləndirilməsidir. Dezinformasiya axınının artdığı müasir dövrdə vahid koordinasiya mexanizmi informasiya məkanının qorunması və operativ reaksiya imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Eyni zamanda bu yanaşma yerli media bazarının inkişafını stimullaşdırır, milli mətbuatda rəqabətə davamlılıq qabiliyyətini artırır və informasiya suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.


Qanun layihəsinin ən diqqətçəkən məqamlarından biri isə Media Reyestri ilə bağlıdır. Belə ki, müvafiq dəyişiklilər nəticəsində jurnalistlərin Reyestrə daxil edilməsi və vəsiqə ilə təmin edilmələri ödənişsiz olacaq.

Ardıcıl islahatların məntiqi davamı

Göründüyü kimi, Azərbaycan mediasında aparılan islahatlar ardıcıl və strateji xarakter daşıyır. 2021-ci ildən etibarən sürətlə davam edən hüquqi və institusional transformasiya artıq yeni mərhələyə — Media və Yayım Şurasının yaradılması mərhələsinə daxil olur.

Bu addım həm “Media haqqında” Qanunun məntiqi davamı, həm də qlobal informasiya mühitinin çağırışlarına verilən institusional cavab kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, məqsəd daha çevik, daha şəffaf, daha peşəkar və beynəlxalq standartlara uyğun media idarəetmə sisteminin formalaşdırılmasıdır. Bu isə yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin