Son vaxtlar paytaxtda ardıcıl olaraq baş verən yol çökmələri ictimaiyyəti narahat etməklə yanaşı həm də ciddi müzakirələrə səbəb olur. Xüsusilə Bakının mərkəzi hissəsində – 28 May ərazisində zaman-zaman müşahidə olunan çökmələr bu hadisələrin səbəbləri ilə bağlı müxtəlif fikirlərə yol açır.
Həm mütəxəssislər, həm də sakinlər arasında versiyalar irəli sürülür: köhnəlmiş yeraltı kommunikasiya xətləri, intensiv tikinti işləri və yeraltı suların təsiri kimi amillər sadalanır.
Bunların sırasında ərazidə fəaliyyət göstərən ən intensiv metro xəttinin torpaq qatlarına mümkün təsiri də yer alır. Bəzi mütəxəssislər metro tunellərinin nəzəri olaraq torpaq qatına təsir göstərə bildiyini inkar etmirlər. Amma bunun üçün konkret geoloji və mühəndislik araşdırmaları aparılmalıdır.
Müxtəlif fikirlər səsləndirilsə də, paytaxt yollarında, xüsusilə 28 May ətrafında yol çökmələrinin mümkün səbəblərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bizim.Media-ya belə açıqladı:
“Şəhər yollarında yol çökmələrinin baş verməsinin əsas səbəblərindən biri müxtəlif kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik və rabitə şəbəkələrinin) yol örtüyünün altından keçməsidir. Bu xətlərdə yaranan ən kiçik nasazlıq, xüsusilə su və kanalizasiya şəbəkələrində baş verən sızmalar torpağın yuyulmasına, boşluqların əmələ gəlməsinə və yol əsasının daşıma qabiliyyətinin zəifləməsinə səbəb olur. Nəticədə asfalt örtüyü deformasiyaya uğrayır, çatlar yaranır və zaman keçdikcə yol səthində çökmələr meydana gəlir. Bundan əlavə, kommunikasiya xətlərinin təmiri və ya yenilənməsi məqsədilə aparılan qazıntı işləri də çökmə riskini artıran mühüm amillərdən biridir”.
Xatırladaq ki, təkcə qeyd olunan ərazidə ötən gün Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsi kəsişməsində (28 May nəqliyyat qovşağının bir hissəsidir) çökmə qeydə alınıb. Bundan başqa, iyunun 8-də də 28 May metro stansiyası ərazisində, aprelin 14-də isə Rəşid Behbudov küçəsi istiqamətinə doğru yolun bir hissəsi çöküb, nəticədə ərazidə böyük çuxur yaranıb.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:10 / 11.06.2026
Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ
Hazırda oxunan: Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ
Hazırda oxunan: Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ
618660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































