11-ci sinfə çatmayan şagirdlər - Təhsildən ayrılanların sayı niyə artır?

Hazırda oxunan: 11-ci sinfə çatmayan şagirdlər - Təhsildən ayrılanların sayı niyə artır?

618492

Azərbaycanda hər il on minlərlə şagird 9-cu sinfi başa vurduqdan sonra təhsilini ənənəvi qaydada davam etdirərək 11-ci sinfə qədər oxumur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən 2024/2025-ci tədris ilində də 20 min şagird orta ümumi təhsilin son mərhələsinə çatmayıb. Bu, bütövlükdə 11-ci sinif şagird sayının təxminən 13 faizinə bərabərdir.

Bəs həmin şagirdlər hara yönəlirlər?

Bizim.Media xəbər verir ki, onların mühüm hissəsi kollec və peşə təhsili müəssisələrini seçir. Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən, 2023-cü ildə 9 illik təhsil bazasında kolleclər üçün plan yerlərinin sayı 10 min 930, 2024-cü ildə isə 8 min 144 olub.
 

Peşə təhsili üzrə göstəricilər də minlərlə şagirdin bu istiqamətə üz tutduğunu ortaya qoyur. Peşə Təhsili üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq biladirildi ki, 2023-cü ildə 9-cu sinif məzunlarından 20 min 342 nəfər peşə təhsili müəssisələrinə müraciət edib, onlardan 11 min 462-si qəbul olunub. 2024-cü ildə isə müraciət edənlərin sayı 17 min 9, qəbul olunanların sayı isə 11 min 500 nəfər təşkil edib.


Rəqəmlər 9-cu sinifdən sonra təhsilini kollec və peşə təhsili müəssisələrində davam etdirənlərin sayının kifayət qədər olduğunu göstərir. Lakin nəzərə almaq lazımdır ki, bu müraciətlər arasında əvvəlki illərdə məzun olan yaxud qəbul olmadıqda 10-cu sinfə davam edən şəxslər də var. Bu isə o deməkdir ki, 11-ci sinfə qədər təhsilini davam etdirməyən bütün şagirdlərin digər təhsil müəssisələrinə yönəldiyini demək mümkün deyil.

Belə olan halda sual yaranır: sözügedən şagirdlər hansı istiqamətə yönəlirlər?

Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, burada məktəbə marağın azalması müəyyən rol oynasa da, əsas səbəb oğlanların işləməyə yönləndirilməsi, qızların isə erkən nikaha cəlb edilməsidir.
 

“Bəzi ailələrdə övladların işləməyə başlaması və ailə büdcəsinə dəstək verməsi gözlənilir. Nəticədə şagirdlər təhsildən ayrılaraq əmək bazarına yönəlir, daha çox usta köməkçisi, satıcı və ya müxtəlif xidmət sahələrində köməkçi işçi kimi fəaliyyət göstərirlər. Bu peşələrdə əməkhaqqı adətən aşağı olur və zaman keçdikcə həmin gəlir ailənin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Nəticədə həm iqtisadi, həm də sosial problemlər yaranır. Digər mühüm amil isə erkən evliliklərdir. Xüsusilə qızların təhsildən uzaqlaşmasında bunun rolu böyükdür və daha çox regionlarda müşahidə olunur”.


Ekspertin fikrincə, gənclərin erkən yaşda əmək fəaliyyətinə başlaması, ali və ya peşə təhsilindən uzaq qalması onların gələcək karyera imkanlarını məhdudlaşdırır. Bu gün əmək bazarında çalışan bir gənc sonradan işini itirdikdə yeni iş tapmaqda çətinlik çəkə bilər.

O bildirir ki, bu tendensiyanın davam etməsi gələcəkdə işsiz gənclərin sayının artmasına, əmək bazarında rəqabət qabiliyyətinin zəifləməsinə və sosial problemlərin dərinləşməsinə səbəb ola bilər.

“Buna görə də gənclərin ən azı peşə və ya ali təhsilə yönləndirilməsi vacibdir”- deyə R.Nurəliyev vurğulayıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin