“Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Hədəf valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə bir neçə komitənin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur:
"Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir.
Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.
16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə. Qanunun qəbulu ilə manipulyativ texnikalar qadağa olunacaq, fərdi məlumatlar müdafiə olunacaq, şəffaf hesabatlılıq qorunacaq, sanksiya mexanizmi, yəni qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər.
Göründüyü kimi, nəticədə dövlətimizin rəqəmsal sahədə genişləndirməsi hüquqi nəzarəti Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir.
İkincisi, platforma məsuliyyəti – ölkəmizdə hüquqi boşluq mövcud idi – ilk dəfə, qanunda öz yerini alır, hüquqi müzakirə üçün möhkəm zəmin yaradır. Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir".
Günay Şahmar, Bizim.Media






































































































