2050-ci ildə şagirdlərin 80 faizi eynək taxacaq - Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: 2050-ci ildə şagirdlərin 80 faizi eynək taxacaq - Mütəxəssisdən XƏBƏRDARLIQ

617433

Uşaqlarda görmə problemlərinin artması artıq təkcə tibbi yox, həm də sosial narahatlıq doğuran məsələyə çevrilib. Artım davam edərsə, gələcək illərdə məktəbyaşlı uşaqlar arasında görmə zəifliyi üstünlük təşkil edə bilər. Bu mənzərədə ən çox diqqət çəkən problemlərdən biri miopiyadır.

Miopiya (yaxındangörmə) hazırda nə dərəcədə yayılıb və niyə uşaqlar arasında daha erkən yaşlarda ortaya çıxır. Onun yaranmasında hansı amillər əsas rol oynayır?

Bizim.Media-ya danışan oftalmoloq dr. Aynurə Əliyevanın sözlərinə görə, miopiya, astiqmatizm, quru göz sindromu və akkomodasiya spazmı son illərdə uşaqlarda ən çox rast gəlinən görmə problemləridir:
 

“Xüsusilə, miopiyanın artdığı müşahidə edilir və bəzi araşdırmalarda 2050-ci ilə qədər məktəblilərin böyük hissəsinin eynək istifadə edə biləcəyi ilə bağlı proqnozlar irəli sürülür. Bu isə göz sağlamlığına daha ciddi nəzarətin vacibliyini göstərir.


Miopiya- uzaq məsafədəki əşyaların bulanıq görünməsi ilə xarakterizə olunan refraksiya qüsurudur. Bu zaman görüntü tor qişanın üzərində deyil, onun önündə fokuslanır və nəticədə uzaq obyektlər aydın görünmür. Miopiyanın korreksiyası üçün mənfi dioptriyalı eynəklər və ya kontakt linzalardan istifadə edilir.

Bu problem əsasən göz almasının normadan uzun olması, genetik və irsi meyilliklə bağlıdır.

Davranış faktorları arasında isə uzun müddət fasiləsiz yaxın məsafəyə baxmaq, az işıqda ekran istifadəsi, az yatmaq və düzgün olmayan vizual gigiyena dayanır”.

Qeyd olunur ki, ekran istifadəsi hər bir uşaqda birbaşa miopiya yaratmasa da, mövcud problemi sürətləndirə və görmə zəifləməsini artıra bilər.

Buna görə də ekranlar səbəb deyil, lakin risk faktorlarından biri hesab olunur:
 

“Uşaqlar uzun müddət fasiləsiz dərs oxumamalı və ekran qarşısında vaxt keçirməməlidirlər. Ekran istifadəsinə dair yaş məhdudiyyətləri də mövcuddur. 3 yaşa qədər ekran istifadəsi ümumiyyətlə tövsiyə edilmir. Daha böyük yaşlarda isə yalnız gündəlik ekran vaxtının 4 saatdan çox olmaması şərti ilə 15–20 dəqiqəlik fasilələrlə istifadə etmək olar”.



A.Əliyeva son olaraq əlavə edib ki, göz müayinələrinin məktəb yaşlı uşaqlarda mütəmadi şəkildə aparılması erkən diaqnoz üçün vacib hesab olunur.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin