Abşeronda HƏYƏCAN SİQNALI - İlanlar səthə niyə çıxır?

Hazırda oxunan: Abşeronda HƏYƏCAN SİQNALI - İlanlar səthə niyə çıxır?

617010

Artıq yazı geridə qoysaq da sərin və yağıntılı havalar hələ də öz yerini isti yay havasına vermək istəmir. Xüsusilə intensiv yağışlar təkcə yağıntı zamanı deyil, sonrakı günlərdə də əhalini narahat etməkdə davam edir. Təbiətin oyanışı ilə heyvanlar aləminin canlanması öz yerində, leysan yağışları sürünənlərin yuvasına dolduğu üçün səthə çıxmağa məcbur qalırlar. Bu da öz növbəsində əsasən də Abşeron qəsəbələrində yaşayanlar üçün əlavə qayğılar yaradır.

Bəzi torpaqlar üçün bərəkətli olan yağış şoran torpaqları üçün əlverişli deyil: torpağın duz qatını üstə çıxarmaqla daha da şoranlaşdırır. Şoran torpaq səthində yaranan dərin çatlar ilanlarla əqrəblərin daha çox görünməsinə səbəb ola bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, problemin qarşısı vaxtında alınmasa, həm kənd təsərrüfatına, həm də insanların gündəlik həyatına təsiri arta bilər.

Aqrar təsərrüfat üzrə mütəxəssis Bəkir Qasımov Bizim.Media-ya bildirdi ki, Abşeronda intensiv yağışlardan sonra torpağın vəziyyəti iki vəziyyətdə özünü göstərir: bəzi hallarda güclü yağış duzu yuyub aşağı qata hopdurur. Ancaq qrunt suları səthə yaxın qalxırsa və sonra sürətli buxarlanma baş verirsə, torpaq səthində duz toplanması və cadarlaşma arta bilər.

“Torpağın daha da şoranlaşmasına qarşı düzgün drenaj sistemləri qurmaq ya mövcud drenaj kanallarını təmiz saxlamaq lazımdır. Yağış sularının sahədə uzun müddət qalmasının qarşısı alınmalıdır. Sonrakı mərhələdə əlavə münbit torpaq və peyinlə torpağın keyfiyyəti artırılmalıdır. İlan və əqrəblərə qarşı sahələrdə xüsusi dərmanlama işləri aparılmalıdır.

Yaşayış məntəqələrində isə zirzəmiləri və ərzaq damlarını quru saxlamaq lazımdır ki, gəmiriciləri cəlb etməsin, çünki onlar ilanlar üçün qida mənbəyidir: onlar olan yerdə ilan da çox olur. Həyətlərdə daş, taxta, ot yığınları saxlamaq olmaz, divar və hasarlardakı çatları sementlə bağlamaq lazımdır, belə yerlər sürünənlərin əsas daldalanacağı olur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin