Avrasiyanın yeni logistika xəritəsində Azərbaycan imzası

Hazırda oxunan: Avrasiyanın yeni logistika xəritəsində Azərbaycan imzası

616919

Məlum olduğu kimi, iyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak ediblər.

Sözügedən tədbir təkcə nəqliyyat layihəsinin növbəti mərhələsinin başlanğıcı deyil. Bu hadisə həm də Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat strategiyasının mühüm nəticəsi, Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcı və Avrasiya məkanında dəyişən logistika reallıqlarının təsdiqidir.

Azərbaycan, Gürcüstan və Türkiyənin ortaq iradəsi ilə formalaşan BTQ layihəsi artıq regional təşəbbüs çərçivəsindən çıxaraq qlobal ticarət zəncirinin vacib halqasına çevrilməkdədir. Modernləşdirmə işlərinin tamamlanması ilə xəttin imkanları əhəmiyyətli dərəcədə genişlənib və bu marşrutun gələcəkdə oynayacağı rol daha da aydın görünməyə başlayıb.

BTQ-nin yeni imkanları

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində həyata keçirilən genişmiqyaslı modernləşdirmə işləri BTQ-nin tarixində dönüş nöqtəsi hesab oluna bilər.

Beş mərhələdən ibarət layihə çərçivəsində 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, yüzlərlə bina və mühəndis qurğusu yenilənib. Bundan əlavə, 30 kilometrdən artıq yeni dəmir yolu xətti çəkilib, mövcud infrastruktur əsaslı şəkildə bərpa olunub, təkər cütlərinin dəyişdirilməsi stansiyası inşa edilib.

Bu işlərin nəticəsi isə konkret rəqəmlərlə ifadə olunur. Əgər indiyədək BTQ xəttinin illik yükötürmə qabiliyyəti 1 milyon ton idisə, artıq bu göstərici 5 milyon tona çatdırılıb. Başqa sözlə, xəttin potensialı beş dəfə artırılıb.

Bu, sadəcə texniki yenilənmə deyil. Bu, Orta Dəhlizin gələcək yük axınlarını qəbul etməyə hazır vəziyyətə gətirilməsi deməkdir. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında artan ticarət dövriyyəsi fonunda BTQ-nin genişləndirilmiş imkanları marşrutun strateji əhəmiyyətini daha da artırır.

Alternativ marşrutdan əsas logistika xəttinə

Son illərdə qlobal ticarət marşrutlarında müşahidə olunan dəyişikliklər Orta Dəhlizin ön plana çıxmasına səbəb olub. Ukrayna və Yaxın Şərqdəki müharibə, geosiyasi gərginliklər, ənənəvi nəqliyyat yollarında yaranan risklər və yükdaşımaların şaxələndirilməsi zərurəti yeni logistika reallığı formalaşdırıb.

Məhz bu şəraitdə BTQ xətti əvvəlki illərdə olduğu kimi alternativ marşrut statusu ilə kifayətlənmir. Modernləşdirmədən sonra xətt artıq Şərqlə Qərbi birləşdirən əsas quru nəqliyyat arteriyalarından biri kimi çıxış edir.

Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.

827 kilometrlik xətt boyunca formalaşdırılmış müasir infrastruktur yükdaşımaların sürətini artırır, tranzit müddətini azaldır və logistika xərclərinin optimallaşdırılmasına imkan yaradır. Bu isə beynəlxalq yükdaşımaları üçün ən vacib meyarlar hesab olunur.

Ən önəmli məqam ondan ibarətdir ki, BTQ təkcə ən qısa marşrutlardan biri deyil, həm də siyasi və iqtisadi baxımdan etibarlı dəhlizdir. Müasir qlobal iqtisadiyyatda etibarlılıq artıq məsafədən daha vacib amillərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış uzunmüddətli əməkdaşlıq BTQ-nin rəqabət üstünlüklərindən biridir.

ADY: Etibarlı və innovativ tərəfdaş

BTQ-nin modernləşdirilməsi prosesi Azərbaycanın nəqliyyat sektorunda formalaşdırdığı yeni yanaşmanı da nümayiş etdirir. Layihənin həyata keçirilməsi zamanı mürəkkəb dağ relyefi, sərt iqlim şəraiti və yüksək mühəndislik tələbləri nəzərə alınaraq genişmiqyaslı işlər görülüb.

Eyni zamanda, Azərbaycan tərəfində Bakı–Böyük Kəsik istiqamətində əsaslı təmir işləri aparılıb, enerji sistemi yenilənib, dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə infrastrukturu müasirləşdirilib.

Bu addımlar göstərir ki, ADY artıq yalnız dəmir yolu operatoru deyil, beynəlxalq logistika bazarında dayanıqlı, innovativ və etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə son illərdə rəqəmsallaşdırma, yük axınlarının idarə olunması və logistika xidmətlərinin optimallaşdırılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın tranzit potensialını daha da gücləndirib.

Mayın 18-də BTQ layihəsi üzrə modernləşdirmə işlərinin yekun qəbulunun rəsmən təsdiqlənməsi və eyni zamanda “BTKI Railways” birgə müəssisəsinin fəaliyyətə başlaması da məhz bu yeni idarəetmə modelinin tərkib hissəsidir. Bu struktur xəttin daha səmərəli və koordinasiyalı şəkildə idarə olunmasını təmin edəcək.

Azərbaycanın Orta Dəhlizdə mövqeyi daha da güclənir

BTQ xəttinin modernləşdirilməsi Azərbaycanın Avrasiya nəqliyyat xəritəsindəki rolunu daha da möhkəmləndirir. Son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, yeni dəmir yolu layihələri və rəqəmsal logistika platformaları ilə birlikdə BTQ vahid nəqliyyat ekosisteminin əsas elementlərinə çevrilib.

Bu gün Azərbaycan yalnız tranzit ölkə deyil, Orta Dəhlizin koordinasiya mərkəzi rolunu oynayır. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Avropaya çatdırılmasında ölkəmizin mövqeyi getdikcə daha strateji xarakter alır.

BTQ-nin modernləşdirilməsindən sonra yaranan yeni imkanlar həm yük həcmlərinin artmasına, həm də regionun qlobal təchizat zəncirlərinə daha sıx inteqrasiyasına xidmət edəcək. Bu isə Azərbaycanın nəqliyyat və logistika sahəsində uzunmüddətli liderlik mövqeyini daha da gücləndirəcək.

Göründüyü kimi, Axalkalakidə keçirilən mərasim sadəcə yenilənmiş dəmir yolu xəttinin istifadəyə verilməsi deyil. Bu, Azərbaycanın təşəbbüsü və investisiyası ilə reallaşan strateji layihənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən mühüm hadisədir.

BTQ artıq gələcəyin potensial marşrutuna çevrilməklə yanaşı, bu günün işlək və etibarlı logistika xəttidir. Modernləşdirilmiş infrastruktur, artırılmış ötürmə qabiliyyəti və formalaşan beynəlxalq tərəfdaşlıq modeli isə BTQ-ni Orta Dəhlizin əsas arteriyalarından birinə çevirərək Avrasiya ticarətinin gələcək istiqamətlərini müəyyənləşdirən əsas marşruta çevirir.

Bizim.Media-nın analitik qrupu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin