Birləşmiş Millətlər Təşkilatı yaxın illərdə qlobal temperaturun rekord səviyyələrdə qalmağa davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı (DMÖ) 2026-2030-cu illəri əhatə edən qiymətləndirməsində yeni istilik rekordunun 2031-ci ildən əvvəl qeydə alınmasının yüksək ehtimal olduğunu açıqlayıb.
İndiyədək qeydə alınmış ən isti 11 ilin hamısının 2015-ci ildən sonrakı dövrə təsadüf etdiyini bildirən təşkilat bu tendensiyanın davam edəcəyini açıqlayıb.
Dünya Meteorologiya Təşkilatı (DMÖ) 1,5 dərəcə həddi ilə bağlı da kritik xəbərdarlıq edib. Qurumun məlumatına görə, 2026-2030-cu illəri əhatə edən beşillik orta temperaturun sənaye öncəsi dövr hesab edilən 1850-1900-cü illərin orta göstəricisindən 1,5 dərəcə yüksək olması ehtimalı 75 faiz səviyyəsindədir.
DMÖ həmçinin 2026-2030-cu illər arasında ən azı bir ilin qlobal temperatur göstəricilərində müvəqqəti olaraq 1,5 dərəcə həddini aşma ehtimalını 91 faiz olaraq hesablayıb.
“Qlobal İllik və Onillik Yenilənmə” hesabatının baş müəllifi Leon Hermanson bildirib ki, 2026-cı ilin sonuna doğru yeni El Niño hadisəsinin formalaşacağı gözlənilir və bu, 2027-ci ilin yeni rekord istilik ili olma ehtimalını artırır.
Qeyd edək ki, son El Nino hadisəsi 2023-cü ilin müşahidə tarixində ikinci ən isti il, 2024-cü ilin isə təxminən 1,55 dərəcə göstərici ilə ən isti il olmasına təsir göstərmişdi.
El Nino Sakit okeanın ekvatorial bölgələrində səth sularının isinməsinə səbəb olan və qlobal külək, yağıntı və təzyiq sistemlərinə təsir edən təbii iqlim hadisəsi hesab olunur.
Bizim.Media


































































































