Milli Kibertəhlükəsizlik Forumuna böyük MARAQ - 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Hazırda oxunan: Milli Kibertəhlükəsizlik Forumuna böyük MARAQ - 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

615720

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə 4 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək 4-cü Milli Kibertəhlükəsizlik Forumuna maraq sürətlə artır.

Bizim.Media xəbə verir ki, hazırda forum üçün 1500-dən çox iştirakçı qeydiyyatdan keçib.

AKTA-nın İcraçı direktoru Rauf Cabarov bildirib ki, foruma olan yüksək maraq ölkəmizdə kibertəhlükəsizliyin vacib mövzulardan birinə çevrildiyini göstərir:

“Bu gün kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, dövlətlərin dayanıqlığı, biznes mühitinin təhlükəsizliyi və cəmiyyətin rəqəmsal inkişafı ilə birbaşa bağlı strateji məsələdir. Forumumuza göstərilən böyük maraq da ölkəmizdə kibertəhlükəsizlik sahəsinə diqqətin və bu istiqamətdə əməkdaşlıq ehtiyacının artdığını göstərir.”
 

İcraçı direktor qeyd edib ki, forum çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, aparıcı texnologiya şirkətləri, kibertəhlükəsizlik ekspertləri və sənaye nümayəndələri bir araya gələrək müasir kiber təhdidlər, süni intellektin kibertəhlükəsizlikdə rolu, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları, o cümlədən Türk Dövlətləri Təşkilatı və Şərq Tərəfdaşlığı regionu çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də innovativ təhlükəsizlik həlləri ətrafında müzakirələr aparacaqlar.


“Biz forumu yalnız bir tədbir kimi deyil, həm də ölkədə və regionda kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi üçün platforma kimi qiymətləndiririk”, – deyə AKTA rəsmisi əlavə edib.

Tədbir proqramına panel sessiyalar, texniki təqdimatlar, beynəlxalq ekspert çıxışları və kibertəhlükəsizlik sərgisi daxildir. Forum çərçivəsində yerli və xarici şirkətlər öz innovativ məhsul və həllərini nümayiş etdirəcəklər.

4-cü Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Forumun açıq qeydiyyatı bitmişdir. Forum haqqında ətraflı məlumatı //cyberforum.az saytından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin