İndiki dövrdə artıq bir çox məktəblinin şəxsi telefonu var və uşaqlar günün böyük hissəsini ekran qarşısında keçirirlər. Uşaqların saatlarla telefondan ayrılmaması valideylərin əsas narahatlığına çevrilib. Çoxları bunun qarşısını almaq üçün qadağalara əl atsa da, texnologiya valideynlərə daha fərqli imkanlar təqdim edir. Artıq uşağın telefonuna uzaqdan ekran vaxtı limiti qoymaq, bəzi tətbiqləri bağlamaq mümkündür.
Bəs bu tətbiqlər hansılardır, necə işləyir və valideyn nəzarətinin sərhədi harada bitir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişovun sözlərinə görə, valideynlər şəxsi telefonları vasitəsilə uzaqdan övladlarının işlətdiyi cihaza nəzarət edə bilərlər:
“Bunun üçün Google Family Link, Apple Screen Time, Qustodio, Norton Family, Bark kimi xüsusi tətbiqlər var. Ölkədə və dünyada valideyn nəzarəti üçün “parental control” sistemlərindən istifadə olunur.
Burada əsas məqsəd uşağın telefon istifadəsini idarə etməkdir. Bəzi tətbiqlərdə təhlükəli məzmunu bloklamaq, proqramların hər birinin istifadəsinə vaxt limiti qoymaq funksiyası da olur. Həmçinin hansı tətbiqlərdən nə qədər istifadə edildiyini görmək mümkündür. “Whatsapp” və “Instagram” kimi proqramlardan gələn mesajları oxumaq olmasa da sözügedən tətbiqlər təhlükəli hesab etdiyi məzmunlarla bağlı valideyni məlumatlandıra bilir.
Bu sistemlərin söndürülməsi isə yaşdan və texniki bilikdən asılıdır. Administrator şifrəsi düzgün qurulubsa və tətbiq sistem səviyyəsində işləyirsə, kiçik yaşlı uşaqlar onu söndürə bilmir. Ancaq texnologiyanı yaxşı bilən və yaşı bir qədər böyük olan uşaqlar VPN istifadə edə, ikinci hesab aça və ya telefonu sıfırlayaraq məhdudiyyətləri keçməyə çalışa bilər”.
Bu tətbiqlərin təhlükəsizlik baxımından hər hansı riski var?
Ekspert qeyd edir ki, risklər həmişə var. Çünki bu tətbiqlər istifadəçinin məlumatlarını və cihaz fəaliyyəti ilə bağlı informasiyaları toplayır. Buna görə də etibarlı tətbiq seçmək vacibdir. Əks halda məlumat sızması və şəxsi məlumatların üçüncü tərəflərin əlinə keçməsi kimi problemlər yarana bilər.
Xədicə Paşayeva, Bizim.Media



































































































