BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılıb və bu gündən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.
Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.
Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.
Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.
Qeyd edək ki, Azərbaycanda avtobus zolağına (1.1, 1.2 və ya 1.11 nişanlanma xətləri) icazəsiz daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən 100 manat məbləğində cərimə və 2 bal cərimə balı ilə cəzalandırılır.
Bizim.Media







































































































