Mədəniyyət və incəsənət sahəsində çalışan şəxslərin hərbi xidmətə cəlb olunmasına fərqli yanaşma məsələsi son illərdə vaxtaşırı gündəmə gəlir. Xüsusilə balet, xoreoqrafiya və milli rəqs kimi fiziki hazırlıq və uzunmüddətli peşəkar fəaliyyət tələb edən sahələrdə çalışan şəxslərlə bağlı xüsusi yanaşmanın tətbiqi müzakirə olunur. Bununla bağlı iki il əvvəl mədəniyyət naziri tərəfindən də müəyyən təkliflər səsləndirilmişdi. Lakin indiyədək qanunvericilikdə konkret dəyişiklik edilməyib.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən hərbi xidmət hər bir vətəndaşın borcudur:
“Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit olunur ki, vətəni müdafiə etmək mütləqdir. Hərbi xidmət hər bir Azərbaycan vətəndaşının borcudur”.
Deputat qeyd edib ki, həqiqi hərbi xidmətdən möhlət və ya müvəqqəti azadolma yalnız müəyyən hallarda tətbiq edilir:
“Əsas səbəblər ailə vəziyyəti, sağlamlıq durumu, təhsil, seçki fəaliyyəti, deputat, hakim və ya ombudsman fəaliyyəti ilə bağlıdır. Ali təhsil alan tələbələrə təhsil müddətində möhlət verilir. Tibbi komissiya şəxsi müvəqqəti yararsız hesab edərsə, sağlamlığa görə də möhlət tətbiq oluna bilər”.
Arzu Nağıyev bildirib ki, mədəniyyət, incəsənət və idman sahəsində çalışan bəzi şəxslərlə bağlı xüsusi yanaşma nəzəri olaraq mümkündür, lakin bu avtomatik xarakter daşımır:
“Belə hallar ola bilər ki, mədəniyyət və incəsənət və ya idman sahəsində çalışan bir sıra şəxslərə möhlət və ya xüsusi status tətbiq olunsun. Amma bu çox məhdud hallarda mümkündür”.
Onun sözlərinə görə, burada əsas meyar şəxsin dövlət əhəmiyyətli fəaliyyətlə məşğul olmasıdır:
“Dövlət əhəmiyyətli yaradıcı kollektivlərdə çalışanlar, xüsusi istedadlı balet, opera, musiqi və teatr sənətçiləri, beynəlxalq səviyyədə ölkəni təmsil edən artistlər, idmançılar, hərbi orkestr və ordunun mədəniyyət kollektivlərində fəaliyyət göstərən şəxslərlə bağlı qərar verilə bilər”.
Komitə sədri vurğulayıb ki, hazırda bununla bağlı ayrıca qanunvericilik norması mövcud deyil:
“Adi qaydada ‘mən balet oynayıram’ və ya ‘mən mədəniyyət xadimiyəm’ deməklə hərbi xidmətdən tam azadolma verilmir. Bunun üçün rəsmi dövlət statusu, təqdimat və ölkə üçün xüsusi əhəmiyyətli fəaliyyət tələb olunur”.
Arzu Nağıyev əlavə edib ki, bu istiqamətdə Mədəniyyət Nazirliyi və digər qurumlardan parlamentə hər hansı rəsmi müraciət daxil olmayıb:
“Mədəniyyət Nazirliyi və ya digər strukturlar tərəfindən belə bir müraciət daxil olmayıb. Bir daha qeyd edirəm ki, hərbi xidmət hər bir Azərbaycan vətəndaşının borcudur”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:25 / 15.05.2026
“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri
Hazırda oxunan: “Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri
Hazırda oxunan: “Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri
613193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































