Bir neçə ildir Bakı şəhərində yerləşən ümumitəhsil müəssisələrində elektron jurnallardan istifadə edilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, gələn tədris ilindən “Rəqəmsal məktəb” platforması daha 5 şəhərdə tam tətbiq olunacaq. Yəni Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində kağız jurnal ləğv ediləcək.
Elektron jurnaldan istifadə gənc müəllimlər üçün asan və rahat olsa da, bəzi yaşlı müəllimlər bunu tətbiq etməkdə çətinlik çəkirlər. Müəllimlər elektron jurnaldan istifadə etmək üçün gənc müəllimlərdən və ya digər təhsil işçilərindən kömək istəyirlər. Hətta bu işi maddi vəsait qarşılığında görən təhsil işçiləri də var.
Bəs daha yaşlı, bu sahədə bacarıqları zəif olan müəllimlərə təlimlər keçirilirmi?
Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, İKT bacarıqları zəif olan müəllimlərə təlimlərin keçirilməsi vacibdir:
“Təhsil müəssisələrində çalışan bəzi müəllimlərin İKT bilikləri o qədər yüksək deyil. Onlar informasiya kommunikasiya texnologiyaları ilə işləməkdə əziyyət çəkirlər. Həmin şəxslərin müvafiq istifadəyə verilən yeni texnoloji alətlərdən rahat istifadəsi üçün təlimlərin olması vacibdir. “Rəqəmsal məktəb”, “elektron dərslik”, “elektron jurnal” və dərslərin vizual görüntülərinin təqdimatı, bəzi proqramlarda mövzunun izahı kimi prosesləri öyrənmək və tətbiq etmələri ilə bağlı 45-50 yaş üstündə olan müəllimlərə müvafiq təlimlərin keçirilməsi mütləqdir”.
Onun sözlərinə görə, müəllimlərin əvəzinə verilən informasiyanın bazaya daxil edilməsi bir çox hallarda qeyri-obyektiv qiymətləndirməyə gətirib çıxara bilər:
“Müəllim özü şagirdlərin qiymətləndirməsini sistemdə işləyə bilmir və bunu hansısa ikinci, üçüncü şəxsə tapşırır. Həmin şəxs ola bilər ki, qiymətləri sistemə daxil edərkən texniki xəta və ya hansısa münasibət zəminində düzgün daxil etməyə bilər. Bu da şagirdin obyektiv qiymətləndirilməsinə açıq təhdiddir.
Bir müəllimə və ya şagirdə aid olan informasiya başqa şəxslərin əlinə keçməsin deyə müəllimlərin İKT biliklərinin artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və ona tabe agentlik tərəfindən həmin müəllimlərin müvafiq təlim prosesinə cəlb olunması mütləq həyata keçirilməlidir. Belə olduqda onların bu sahədə bilik və bacarıqlarını artırmaq, həm də sistemin daha obyektiv işləməsi təmin edilər”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 30.04.2026
Elektron jurnaldan istifadə edə bilməyən müəllimlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Elektron jurnaldan istifadə edə bilməyən müəllimlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Elektron jurnaldan istifadə edə bilməyən müəllimlərin NƏZƏRİNƏ
610151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































