Azərbaycanda mənzil bazarında qiymət artımının tempi müəyyən qədər sabitləşməkdədir. Bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə Hesabatı”nda məlumat verilir.
Hesabata əsasən, 2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə ölkədə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artıb. İlkin bazarda (yeni tikililərdə) qiymətlər 12,7%, təkrar bazarda (köhnə mənzillərdə) isə 12,2% yüksəlib.
Bu göstəricilər artımın davam etdiyini göstərsə də, əvvəlki dövrlərlə müqayisədə daha sabit dinamikanın formalaşdığını deməyə əsas verir.
Digər tərəfdən, son günlər yağan intensiv yağışların daşınmaz əmlak bazarına müəyyən təsir göstərdiyi bildirilir. Xüsusilə Bakının bəzi ətraf ərazilərində yerləşən həyət evlərinin qiymətlərində nisbi ucuzlaşma müşahidə olunur.
Məlumata görə, su basma problemi ilə üzləşən ərazilərdə yaşayan sakinlərin bir qismi evlərini satışa çıxarır və ya daha təhlükəsiz ərazilərə köçməyə çalışır.
Bu tendensiya həmin ərazilərdə təklifin artmasına səbəb olur ki, bu da öz növbəsində qiymətlərə aşağı yönlü təzyiq göstərir.
Bəs, həqiqətən də Bakıda mənzil qiymətlərində sabitləşmə müşahidə olunur?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bazarda müşahidə olunan sabitləşmə bütün əraziləri əhatə etmir və qiymət artımı ümumi olaraq davam edir:
“Stabilləşmə ayrı-ayrı ərazilərdə müşahidə oluna bilər, lakin bu, ümumi qiymət artımını aradan qaldırmır. Bizim apardığımız son araşdırmalara görə, 2026-cı ilin ilk rübündə dekabr ayı ilə müqayisədə yeni tikililərdə qiymətlər 3,6%, köhnə tikililərdə isə 2,4% artıb. Dövlət Statistika Komitəsi isə göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisə edir, bu səbəbdən faiz fərqləri yaranır".
Ekspertin sözlərinə görə, faiz göstəriciləri onu deməyə əsas verir ki, əhali daha çox yeni tikililərə üstünlük verir:
"Bunun əsas səbəblərindən biri qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi nəticəsində kompensasiya alan vətəndaşların yeni mənzillərə yönəlməsidir. Büdcəsi məhdud olanlar isə daha çox köhnə tikililərə üz tutur və bu tendensiyanın hələ bir müddət davam edəcəyi gözlənilir.
Hazırda aylıq qiymət artım tempinin təxminən 1–1,5% civarında olduğu müşahidə edilir. Ümumilikdə, ilin sonuna qədər bazarda 12–15% aralığında qiymət artımı proqnozlaşdırılır".
O qeyd edib ki, fors-major hallar iri yaşayış komplekslərinin tikintisi, infrastruktur layihələrinin genişlənməsi kimi faktorlar bazara əlavə təsir göstərə bilər:
"Bununla belə, daşınmaz əmlak bazarı alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, hələ də əsas investisiya istiqamətlərindən biri olaraq aktuallığını qoruyur. Rayonlar üzrə qiymət dinamikasına gəlincə, Bakının Yasamal, Səbail, Nərimanov, Xətai və Nəsimi rayonları həm satış, həm də kirayə qiymətlərinin artımına görə lider mövqedədir. Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında artım daha orta templə davam edir.
Ən aşağı artım isə Xəzər, Pirallahı və Qaradağ rayonlarında qeydə alınır. Bu da əsasən həmin ərazilərin şəhər mərkəzindən uzaq olması və kirayə bazarında tələbin nisbətən aşağı qalması ilə izah olunur"
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:48 / 21.04.2026
Bakıda evlər ucuzlaşır? – İntensiv yağışlardan sonra mənzil bazarında SON VƏZİYYƏT
Hazırda oxunan: Bakıda evlər ucuzlaşır? – İntensiv yağışlardan sonra mənzil bazarında SON VƏZİYYƏT
Hazırda oxunan: Bakıda evlər ucuzlaşır? – İntensiv yağışlardan sonra mənzil bazarında SON VƏZİYYƏT
608447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































