Bank borcunu ödəməyənlərə qarşı sərt qaydalar gəlir: NƏZARƏT dəyişir

Hazırda oxunan: Bank borcunu ödəməyənlərə qarşı sərt qaydalar gəlir: NƏZARƏT dəyişir

608359

İcra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.

Bəs bu yeni səlahiyyətlərdən sui-istifadə hallarının qarşısını almaq üçün konkret hansı təminatlar olmalıdır? İcra sistemində korrupsiya riskləri bu yeni qaydalarla arta bilərmi?

Bizim.Media xəbər verir ki, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: 

“İcra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təklif olunan dəyişikliklər, ümumilikdə, icra prosesinin effektivliyini artırmağa yönəlib. Yəni məqsəd odur ki, bank borclarının qaytarılması daha operativ və real mexanizmlərlə təmin olunsun. Xüsusilə, elektron pul hesablarına çıxış imkanının yaradılması müasir maliyyə sisteminə uyğun addım kimi qiymətləndirilə bilər. Amma burada çox vacib bir məqam var: səlahiyyət genişlənməsi avtomatik olaraq sui-istifadə risklərini də artırır.

Əgər bu proses düzgün tənzimlənməzsə, vətəndaşların hesablarının əsassız bloklanması, vəsaitlərə həddindən artıq müdaxilə və ya qeyri-proporsional tədbirlərin tətbiqi kimi hallar ortaya çıxa bilər. Bu isə həm hüquqi problemlərə, həm də bank sisteminə olan etimadın zəifləməsinə səbəb ola bilər”.

Ekspertə görə, bu səbəbdən paralel olaraq bir neçə əsas təminat mütləq şəkildə gücləndirilməlidir:

“Birincisi, məhkəmə nəzarəti. İcra məmurunun ciddi maliyyə müdaxilələri ya əvvəlcədən məhkəmə qərarı ilə, ya da operativ məhkəmə yoxlaması ilə müşayiət olunmalıdır. İkincisi, proporsionallıq prinsipi qorunmalıdır. Yəni kiçik borca görə vətəndaşın bütün hesablarının bloklanması kimi hallar yolverilməz olmalıdır. İnsanların minimum yaşayış vəsaiti qorunmalıdır. 

Üçüncüsü, şəffaflıq. Borclu şəxs onun hesabına hansı səbəbdən müdaxilə edildiyini dərhal və aydın şəkildə bilməlidir. Dördüncüsü, effektiv şikayət mexanizmi. Vətəndaşın hüququ pozulubsa, o, bunu tez bir zamanda mübahisələndirə bilməlidir. Eyni zamanda, bütün əməliyyatların rəqəmsal izinin saxlanılması və müstəqil audit mexanizmlərinin tətbiqi də vacibdir. Nəticə olaraq, bu dəyişikliklər doğru balans qurularsa faydalı ola bilər. Amma əsas prinsip dəyişməz qalmalıdır: daha geniş səlahiyyət – daha güclü nəzarət və məsuliyyət deməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin