Kreditlə bağlı YENİ MODEL – Daha aşağı faizlə əldə etmək MÜMKÜN OLACAQ

Hazırda oxunan: Kreditlə bağlı YENİ MODEL – Daha aşağı faizlə əldə etmək MÜMKÜN OLACAQ

608207

Son illərdə qlobal maliyyə bazarlarında “özəl kredit” (private credit) anlayışı sürətlə genişlənərək ənənəvi bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi kimi ön plana çıxıb.

Məlumat üçün qeyd edək ki, özəl kredit şirkətlərin vəsaiti birbaşa banklardan deyil, investorlardan cəlb etməsi mexanizmini əhatə edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?


Bu model çərçivəsində pensiya fondları, sığorta şirkətləri və suveren fondlar kimi iri investorlar xüsusi fondlar vasitəsilə şirkətlərə kredit təqdim edir.

Mütəxəssislərin fikrincə, bazarın sürətli inkişafının əsas səbəblərindən biri bank sektorunda tətbiq olunan daha sərt tənzimləmə qaydalarıdır. Bu isə şirkətlərin kreditə çıxışını məhdudlaşdıraraq alternativ maliyyə mənbələrinə tələbatı artırıb. Eyni zamanda, investorlar üçün daha yüksək və sabit gəlir imkanları da özəl kredit bazarını cəlbedici edir.

Özəl kredit vasitəsilə əldə olunan maliyyə adətən daha çevik şərtlərlə təqdim edilir. Bu isə şirkətlərə maliyyələşməni daha sürətli cəlb etməyə və layihələrini operativ şəkildə həyata keçirməyə imkan yaradır.

Mütəxəssislər hesab edirlər ki, mövcud tendensiyalar fonunda özəl kredit yaxın illərdə də qlobal maliyyə sistemində rolunu gücləndirməyə davam edəcək və həm şirkətlər, həm də investorlar üçün mühüm alət olaraq qalacaq.

Özəl kreditin üstünlükləri nədir?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Əkrəm Həsənov hesab edir ki, özəl kredit bazar üçün və sahibkar üçün daha sərfəlidir:

“Nəzərə alaq ki, bank maliyyə vasitəçisidir. Yəni bank bir qrup insanda əmanət qəbul edir və daha sonra həmin pulu başqa bir qrup insanlara kreditə verir. Göründüyü kimi, bank sadəcə vasitəçidir. Üstəlik bank 10-12 faizə aldığı vəsaiti 19-20 faizə kreditə verir. Amma özəl kreditdə mənzərə tam fərqlidir. Pul sahibi öz pulunu birbaşa kreditə verir. Nəticədə həm pul sahibi daha çox qazanır, həm də kredit alan şəxs daha az faiz ödəmiş olur”.

Özəl kreditlərdə risklər böyükdür.

“Bank pulu necə satmağın və geri qaytarmağın yollarını çox yaxşı bilir. Amma digər fondlar- pensiya fondu, özəl investorlar bunu yaxşı bilmir. Sabah özəl investorlar daha tez problemlə üzləşə bilər”.

Özəl kreditin ölkəmizdə tətbiq imkanları necədir?

İqtisadçı bildirib ki, yaxın zamanda ölkəmizdə özəl kreditlərin verilməsi imkanları real görünmür:

“Hələki ölkəmizdə özəl pensiya, investisiya fondları yaradılmayıb. Digər tərəfdən bizdə səhm bazarı da hələ tam formalaşmayıb. Hansısa şirkətin səhmlərinin aktiv şəkildə alınıb, satılmasına çox nadir hallarda rast gələ bilirik. Ona görə də özəl kredit nə qədər faydalı olsa da, onun tətbiq imkanları hələ mövcud deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin