Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai nəqliyyatdan müstəqil və maneəsiz şəkildə istifadəsini təmin etmir.
Bizim.Media xəbər verir ki, bu, Ombudsman tərəfindən Bakı şəhərinin mərkəzində yerləşən infrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub.
Belə ki, avtobus dayanacağı ilə yol səthi arasında hündür bordür daşlarının mövcud olması, həmçinin bu səviyyə fərqinin pandus və ya digər vasitə ilə aradan qaldırılmaması təkərli oturacaqdan istifadə edən şəxslərin avtobusa birbaşa və rahat şəkildə daxil olmasına maneə yaradır.
Qeyd olunan hallar ictimai nəqliyyat xidmətlərinin əlçatanlıq və bərabər istifadə prinsiplərinə uyğun gəlmir və müvafiq infrastrukturun təkmilləşdirilməsinin zəruriliyini göstərir.
Bildirilib ki, Dənizkənarı Milli Parkda ərazinin xəritəsi və mövcud obyektlərlə bağlı məlumat lövhəsinin təqdim olunması ziyarətçilər üçün müsbət məqam olsa da, məlumatların əlçatanlığının təmin olunması da vacibdir.
Belə ki, bu cür məlumat lövhələrinin səsli formatda olması, Brayl əlifbasından istifadə edilməsi, işarət dilində qısa məlumatlandırıcı videoçarxların nümayiş etdirilməsi kimi üsullar tətbiq edilməklə əlçatanlıq təmin edilə bilər.

Günay Şahmar, Bizim.Media

































































































