Martın 24-də Avstryanın paytaxtı Vyana şəhərində Avstriya İnkişaf Bankında Qafqaz Ölkələrinin iqtisadiyyatı ilə bağlı dinləmə keçirilib. Dünyanın müxtəlif ölkələrinin, eləcə də beynəlxalq təşkilatların 50-dən artıq nümayəndəsinin iştirkaı ilə keçirilən dinləmədə Cənubi Qafqazı Azərbaycanlı iqtisadçı-alim Vüqar Bayramov təmsil edilib. Dünyanın aparıcı banklarından hesab edilən Avstriya İnkişaf Bankında ilk dəfə olaraq azərbaycanlı spiker çıxış edib. 4 saatdan artıq davam edən dinləmələrdə Vüqar Bayramovun çıxışı ilə yanaşı müxtəlif dövlətləri təmsil edilən rəsmillər və beynəlxalq ekspertlər də fikirlərini bildiriblər.
V. Bayramov Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının ayrı-ayırılıqda xarakterizə edərək regionun Avropanın enerji təhlükəsizliyindəki rolundan danışıb: "Azərbaycan istehsalçı, Gürcüstan isə tranzit ölkə olaraq prosesə töhvə verir". O bildirib ki, sözügedən region ölkələrində iqtisadi inkişafın dayanıqlı olması üçün daxili inkişaf mənbələrinin genişləndirilməsinə ehtiyac var: inkişaf kənardan idxal edilmir və hətta idxal olunsa da bu uzun müddətli ola bilməz.
Azərbaycanlı iqtisadçı bildirib ki, region iqtisadiyyatının 74 faizinə malik olan Azərbaycanda iqtisadi şaxələnmə islahatların əsas hədəfi olmalıdır. Azərbaycanda tətbiq edilən "Asan xidmət"in korrupsiyaya qarşı mübarizədə digər ölkələr üçün də yaxşı bir model olduğunu vurğulayan iqtisadçı-alim deyib ki, ölkə 2017-ci ilədək neft hasilatını illik olaraq 40 milyon ton ətrafında stabilləşdirə biləcək. 2014-cü ildə neft haslitanın ötən il ilə müqayisədə 43.4 milyon tondan 43.0 milyon tonadək azalmasının proqnozlaşdırılmasına baxmayaraq BP qaz bumu başlananadık hasilatı stabilləşdirə biləcək. Bunun üçün isə "Əsrin müqaviləsi"nin bitmə müddətinə yenidən baxılıb uzadılmasına ehtiyac var.
Regionda çoxrəngli bir şəkilin çəkildiyini söyləyən V. Bayramov deyib ki, Gürcüstan Avrointeqrasiya prosesini sürətləndirib, Azərbaycan balanslı siyasət həyata keçirir, Ermənistan isə Gömrük İttifağına qoşulmaqla Avrointeqrasiya prosesinə praktiki olaraq son qoyub. Regiondakı münaqişələrin həll edilməməsi Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına neqativ təsir göstərdiyini deyən azərbaycanlı iqtisadçı regionda vahid bazar prinsipinin tətbiq edilməməsindən bütün ölkələrin itirdiyini bildirib.
V. Bayramov eyni zamanda Avropa Birliyi ilə region ölkələrinin iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret modellər təklif edib.




































































































