Prezident seçkilərinə sayılı günlər qalarkən ölkədə insan hüquqları və azadlıqlar məsələsi yenə də əsas müzakirə və mübahisə predmetidir. Azərbaycandakı duruma xüsusi həssaslıqla yanaşan beynəlxalq təşkilatlar və medianın da durumla bağlı münasibət ifadə etməsi halları intensivləşib. Moderator.az situasiya ilə bağlı YAP-çı deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın "Yeni Müsavata" müsahibəsini təqdim edir.
- Rəbiyyət xanım, belə yanaşmalar var ki, YAP-ın bir sıra aparıcı simaları seçki prosesində aktiv iştirak etmir. Bunun səbəbini nə ilə izah etmək olar?
- Bilmirəm onu deyənlər nəyə əsaslanır. Amma dünənə qədər Balakəndə hər gün 2-3 görüş keçirən şəxs olaraq mənimçün bu, bir az təəccüblüdür. Həqiqətə söykənməyən fikirlər söyləyən adamlar o sözlərin məsuliyyətini daşımalıdır. Jurnalistlər nə vaxt mənə zəng edibsə, ya tədbirdə, ya ayrı-ayrı kəndlərdə olmuşam.
- Amma bu da faktdır ki, siz özünüz, yaxud digər komitə sədri Əli Hüseynli YAP-ın prezidentliyə namizədinin vəkilləri sırasında deyilsiniz. Bunun bir səbəbi olmamış deyil.
- Əli Hüseynli AŞPA-dadır, ondan da əvvəl bölgələrdə idi. O, dövlət və millət naminə kifayət qədər fəallıq göstərən millət vəkilidir. Əli Hüseynli hansısa irad ünvanlamaq düzgün olmazdı. Şəxsən mənimçün adımın vəkillər sırasında olmaması heç bir əhəmiyyət kəsb eləmir. Mən dövlət başçımızın seçilməsində, seçkilərin obyektiv, şəffaf keçirilməsində çox maraqlı olan bir insanam və öz funksiyalarımı, vəzifəmi də çox gözəl bilirəm. Məsuliyyət hissi ilə də öz işimi yerinə yetirirəm, bu, içəridən gələn bir duyğudur. Vəkil adı olsun, ya olmasın, bu, o qədər əhəmiyyət kəsb edirmi? Mən YAP-ın üzvüyəm, mənim öhdəliyim var. Bu mənada insanlarla görüşməyim mənim içimdən gələn istəkdir, mənim məsuliyyətimdir.
- Ancaq YAP daxilində birinci şəxsə yaxın olmaq uğrunda mübarizənin getdiyi barədə də xəbərlər dolaşır. Hesab olunur ki, vəkillərin seçimində də bu məsələ öz sözünü deyib...
- Qətiyyən belə şey yoxdur. Nə mübarizə ola bilər? Mən həmişə vəkil olmuşam. Ancaq vəkillik insana verilmiş bir şey deyil. Azərbaycan xalqının İlham Əliyevə olan məhəbbəti o qədər böyükdür ki, hər bir kəs onun vəkilidir. Vəkillik ayrıca bir səlahiyyətlər vermir. Bu seçkilərin obyektiv keçməsini arzulayan hər kəs dövlət başçısının vəkilidir. Mənim dediklərim tam səmimi sözlərdir.
- Teledebatlarda Milli Şuranın namizədi, professor Cəmil Həsənliyə, digər müxalifətçilərə ünvanlı həqarətlərin şahidi olmusunuz. Milli Məclisin İnsan haqları komitəsinin sədri kimi bu barədə nə deyə bilərsiniz?
- Çox istərdim ki, hər iki tərəfdən belə həqarətlərə yol verilməsin, hər kəs öz fikrini əsaslandırmağı bacarsın. Mən Cəmil Həsənlinin də çıxışlarını dinlədim, Hafiz Hacıyevin də. Hər iki tərəfdən yüksək emosiya ilə fikirlərin söylənilməsi yolverilməz haldır. Əgər sözün gücü, qüdrəti varsa və sən bu sözü əsaslandıra bilirsənsə, çığırmaq, təhqir etmək yolverilməzdir. Özü də siyasətçinin məsuliyyəti digərlərindən daha çoxdur. Siyavuş Novruzovun çıxışı çox xoşuma gəldi, çox sakit, təmkinlə cavab verdi. Bura çıxan insanlar anlamalıdırlar ki, onlara təkcə 9 milyon insan baxmır, ölkədəki müşahidəçilər də, kənarda olanlar da izləyir. Ancaq bunlar da ötüb keçəcək, hər kəs yüksək təmkini ilə cənab İlham Əliyev ola bilməz.
- Sizin hakim partiyanın mövqeyindən çıxış etməyiniz gözlənilməz və təəccüblü deyil. Bəs siz Cəmil Həsənlinin hətta alimliyini də “şübhə” altına alan partiyadaşlarınızın mövqeyi barədə nə deyərdiniz?
- Mən Cəmil Həsənli ilə həm BDU-da bir yerdə işləmişəm, həm də Milli Məclisdə həmkar olmuşuq. Cəmil Həsənli öz çıxışlarında alim adına yaraşan mövqedən çıxış etmir. Düzdür, Hafiz Hacıyev ona qarşı nəsə deyir. Ancaq o, öz ifadələrində çərçivəni qoruyub-saxlamalıdır. Bu cür danışmaq lazım deyil. Qoy, Cəmil Həsənli proqramını ortaya qoysun və onu əsaslandırsın. Ancaq utopiyadan başlayıb fantaziyada qurtarmağa ehtiyac yoxdur.
- Bu, ona əsas verirmi ki, insanın ailəsinə ünvanlı həqarətlər səslənsin?
- Yox, mən bunun tam əleyhinəyəm. Ailə münasibətlərinə müdaxiləni tamamilə yolverilməz sayıram. Heç kəsə başqasının şərəf və ləyaqətini alçaltmasına yol vermək olmaz. Ancaq həmin şey Cəmil Həsənliyə də aiddir. O, dövlət başçımızın, övladlarının adını çəkir, ailədaxili münasibətlərinə qarışır, bu da yolverilməzdir. Niyə siz bir tərəfi qoyub o biri tərəfi deyirsiniz? Əlinə kağız alıb xalqa göstərir, bank hesabları barədə danışır, qızları belə oldu, elə oldu. Məgər bu, ailə məsələsinə müdaxilə deyil? Ora çıxan namizədlərin bir amalı, istəyi olmalıdır, öz platforma və proqramını xalqa təqdim etmək. Xalqa təqdim olunan nədir: təhqir, bir-birinin şərəf və ləyaqətini alçaldan sözlər. Belə ittihamlarla hakimiyyətə gəlmək mümkün deyil. Ağıl, bilik, bacarıq, xalq içində nüfuzu ilə seçilmək lazımdır. Yunanlar deyir “Danış, səni görüm”. Bunlar danışırlar və biz bunları görürük.
- Amma ağır ifadələr bir qayda olaraq hakimiyyətin mövqeyindən çıxış edənlər tərəfindən səslənir...
- Hakimiyyətin mövqeyindən çıxış edən yalnız Siyavuş Novruzov, Əli Əhmədov və Mübariz Qurbanlıdır. Digərləri prezidentlik iddiasını ortaya qoyub, onlar prezidentin vəkili deyil ki. Onlar öz platforma və proqramını müdafiə etməlidir, bu sualları onlara verin. Prezidentin vəkilləri isə etik normalar çərçivəsində təmkinlə çıxış edirlər.
- Bloomberg.com saytı İlham Əliyev haqqında yazısında onu Bəşər Əsədlə müqayisə edib. Bu məsələyə münasibətiniz necədir?
- Mən çox təəssüf edirəm ki, bəzən Azərbaycan xalqına qarşı çevrilmiş hansısa yazılar, hesabatlar olanda müxalifət bunu elə bir sevinclə təqdim edir ki, sanki bu, onların maraq və mənafeyinə xidmət edir. Bu, Azərbaycan xalqına çevrilmiş məsələdir. Kimliyindən asılı olmayaraq milli heysiyyət hissi hər kəsdə yüksək olmalıdır. Mənim xalqıma, dövlət başçıma qarşı deyilən hər bir söz elə mənə qarşı deyilir. Həmin hesabatın həqiqətə söykəndiyinə heç kəs inanmır. Bəşər Əsədlə heç vaxt heç kəsi müqayisə etmək lazım deyil. Suriyadakı hadisələrin əsl mahiyyətini, Suriya xalqının başına açılan oyunların kimlər tərəfindən hazırlandığını bilməyən insanlar bu gün Əsədi, sabah Səddamı, o biri gün Mübarəki tənqid edərək onları tənqid edib başqaları ilə eyniləşdirirlər. Lazım deyil! Nə qədər yüksək politoloji savada malik olmalısan ki, Suriyada baş verənlərin əsl mahiyyətini biləsən. Heç kəsi heç kəslə müqayisə etməyin. Cənab İlham Əliyev demokrat, Azərbaycanın sabahını düşünən, hər bir vətəndaşın qayğısına qalan bir insandır. Hər bir müqayisə qüsurludur. Mənim dövlət başçım bütün dövlət başçılarından yaxşı, müdrikdir. Bir vətəndaş kimi deyirəm, iqtidar nümayəndəsi kimi yox, vətənimə atılan daş mənim qəlbimə atılan daşdır.
- Hesab etməyin ki, biz Azərbaycana, onun rəhbərliyinə qarşı tənqidi hesabatları sevinə-sevinə dərc edirik. Sadəcə peşə borcumuzdan çıxış edərək bu informasiyaları yaymaqla bərabər, ölkədəki problemlərin həllini arzulayırıq. Məsələn, Sərkisyanın Azərbaycanı beynəlxalq tribunadan hədələməsi hər birimizi üzdü. Yeri gəlmişkən, bu hədə və qarşıdakı illərdə Qarabağ məsələsinin həlli ilə bağlı nə deyə bilərsiniz?
- Bu məsələdə hamımız bir cəbhədən çıxış edib. Onun bu iddiasına qarşı doğrudan müharibə elan etməliyik. Beynəlxalq təşkilatlara, mediaya müraciət etməliyik ki, bu adam yüksək tribunadan bunu elan edir, bunadamı göz yumacaqsınız? Azərbaycan işğal olunmuş ərazilərimizin qaytarılması üçün böyük addımlar atmaqdadır. Bu gün Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu fikri xeyli çətinliklərdən sonra böyük dövlətlər tərəfindən etiraf olunur. Bu təsdiq, etiraf uzun bir yol gəldi. Bu, aparılan siyasətin nəticəsidir. Bəli, ola bilər ki, sülh yolu ilə məsələ həllini tapmasın. Çünki Sərkisyan açıq etiraf etdi ki, Ermənistanın Rusiya ilə imzaladığı hərbi müttəfiqliklə bağlı müqavilənin məntiqi nəticəsi olaraq rus bazaları erməniləri qorumaq üçün hərəkətə keçəcək. Belə olduğu halda yəqin ki, Azərbaycan hərb yolunu seçəcək. Mən bu variantı istisna etmirəm. Bu gün beynəlxalq hüququn normalarının iflic olduğu bir zamandır. Bu, Yaxın Şərqdə də, digər yerlərdə də özünü göstərir. Beynəlxalq hüquq normalarının özünə ciddi təftiş lazımdır və böyük islahatlara ehtiyac var. Bizim böyük hərbi qüdrətimiz, texnikamız, ilk növbədə Qarabağı azad etmək üçün içərimizdə olan böyük bir yanğı var. Əgər sülhlə olmayacaqsa, başqa cür mümkün deyil. Odur ki, Azərbaycan xalqı müharibəyə hazır olmalıdır.
- İnsan Hüquqları Klubu Azərbaycanda 142 siyasi məhbusun olduğunu açıqlayıb. Bu problemin aradan qaldırılacağı, əfv fərmanının imzalanacağı barədə gözləntilərin olduğu dönəmdə açıqlanan bu hesabat haqda fikriniz nədir?
- Azərbaycanda siyasi məhbus yoxdur. Siz bu gün hər hansı korrupsionerin, qanun pozuntusuna yol verən insanın, cinayət törətmiş birinin də “siyasi məhbus” adlandırılmasına tərəfdar olursunuz. Nəyə görə? Niyə bir müəllim, həkim, mühəndis həbs olunanda onu yox, siyasi partiya üzvü həbs olunanda onu siyasi məhbus adlandırırsınız? Digər tərəfdən bu say hardan, niyə artdı? Gah 800, gah 600, gah da 50 nəfər deyirlər. Siyasi məhbus məsələsi bir oyuna, spekulyasiya obyektinə çevrilib.
- Hər halda beynəlxalq öhdəliklərə əməl etmək, bəhanələri aradan qaldırmaq baxımından adının necə qoyulmasından asılı olmayaraq bu məsələni birdəfəlik qapatmaq olar?
- Bu, nə təzim psixologiyasıdır beynəlxalq qurumlar qarşısında? Heç bir təzim psixologiyasında bulunmuruq və bulunmaq fikrimiz də yoxdur. Bunu hər kəs bilməlidir. Beynəlxalq təşkilat nə deyər, hesabatda nə yazar. Beynəlxalq təşkilat nə qədər hesabat istəyir yazsın. Azərbaycan xalqının öz iradəsi var, iradəsini də ortaya qoyur. Dünən (srağagün-E.P.) Milli Məclisə, mənim yanıma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidəçi Qrupunun rəhbəri gəlmişdi. Mən ona da dedim ki, biz ilin əvvəlindən müşahidəçilərə müraciət etmişik, gəlin, prosesi izləyin, demişik. Biz demokratik seçki keçiririk və hər kəsi də ölkəmizə dəvət edirik. Gəlmək istəməyənlərə də dedik ki, gəlin, görün ki, Azərbaycanda seçkilər necə keçirilir. Mən ona da dedim ki, hər bir seçki məntəqəsində qurulmuş kameranı dünyanın istənilən nöqtəsindən görə bilərsiniz, çünki internet vasitəsilə mərkəzə bağlanıb. Bizim gizlədiləsi və qorxacağımız heç bir məqam yoxdur. Mən ona sual verdim ki, necə olur ki, ABŞ, İngiltərə kimi dövlətlərdəki seçkilərə heç müşahidəçi də getmir, məgər siz orda demokratiyanın yüksək səviyyəsinə arxayınsınız. Bunun səbəbi nədir?
- Prezidentin şərəf və ləyaqətin qorunması barədə qanun layihəsinin hazırlanmasına sizin fikriniz necədir?
- Mən həmin iclas günü Balakəndəydim. Mən bu təkliflə tamamilə razıyam. Dövlət başçısı, bayrağımız, gerbimiz, himnimiz bizim sərvətimizdir və bunlar qorunmalıdır. Dövlət başçısına qarşı çevrilmiş bir söz hər bir azərbaycanlının şərəf və ləyaqətinə təhqirdir. Hər bir azərbaycanlının şərəf və ləyaqətinin qorunmasının tərəfdarıyam, başda dövlət başçısı olmaq şərtilə.
- Bəlkə onda bir qanun da himni oxumayanlarla bağlı qəbul olunsun. Necə ki, parlament iclasında himnə sayğısızlığa etiraz oldu...
- O, vicdan səsi, daxili istək, vətənə bağlılıqdır. “Mən vətənpərvərəm” deməklə vətənpərvər olmaq olmur. Əgər yanğın yoxdursa, sevgi içindən gəlmirsə, oxumağın mənası yoxdur. Vətənpərvər olmayan adamın heç o himni oxuması da lazım deyil. Ruhundan gəlməlidir o hiss. Yoxsa şeiri əzbərlədin, oxudun... Biz himni görüntü üçün oxumuruq.
































































































