"Ordumuz ətrafında möhkəm birləşərək, Qarabağımızı azad etməliyik"

Hazırda oxunan: "Ordumuz ətrafında möhkəm birləşərək, Qarabağımızı azad etməliyik"

135606
İndiki həssas məqamda - Qarabağda hər an başlaya biləcək Vətən savaşı öncəsi çox üzücü hallarla rastlaşanda susmaq hesab edirəm yolverilməzdir və bəlkə mənaviyyatsızlıqdır. Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin ötən ayın əvvəlində cəbhə xəttində baş verən hərbi əməliyyatlara bağlı səsləndirdiyi fikirlər sadəcə təəssüf və təəccüb doğurur. Görünən odur ki, hörmətli Rəsul müəllimin düşüncəsində Azərbaycan Silahlı Qüvvələri hələ də 90-cı illərin əvvəllərində gördüyü və təsəvvür etdiyi qüvvələr kimi qalıb. Belə olmasaydı, o heç vaxt belə qeyri-ciddi fikirlər səsləndirməzdi. Hər şey başa düşürəm, amma on illərdir ki okeanın o tərəfində oturub Silahlı Qüvvələrin hazırkı vəziyyətindən dərindən məlumatın olmaya-olmaya belə fikirlər səsləndirmək, ən azından öz əsgər və zabitinə sayğısızlıq və hörmətsizlikdir.
Mən onu da yaxşı başa düşürəm ki, adətən rəqiblərinlə, elə iqtidarla siyasi mübarizə meydanında belə fikirlər, tənqidlər hardasa işlədilir. Amma, bədnam qonşularımız və onların məkrli havadarları ilə üz-üzə duran ordunun döyüş ruhuna azca da olsa təsir edə biləcək fikir səsləndirməyi mən əsla düzgün saymıram və böyük haqsızlıq hesab edirəm.
Azərbaycan ordusunun üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdiyini qeyd edən Rəsul müəllim nədənsə Azərbaycanın informasiya müharibəsini zəif təşkil etdiyini kinayə ilə qeyd edir. Amma, hal-hazırda yaşadığı Amerikada imkanlarından istifadə edib hər-hansı mətbuat konfransı və ya brifinq keçirməyə nə mane olurdu ki, Rəsul müəllim buna heç cəhd də etmədi? İndi çoxları doğma Vətəninə düşdüyü çətin durumda irad bildirmək, yol göstərmək üçün sanki məqam gözlüyür.
Yenə qeyd edirəm ki, mən məsələnin siyasi tərəfinə əsla toxunmaq istəməzdim. Bu işdə mənəvi amil son dərəcə önəmlidir. Hörmətli Rəsul Quliyev deyir ki, "Azərbaycanda texnikanı idarə edəcək talantlı hərbçilər azdır". Onda sual olunur ki, bəs bu gün Silahlı Qüvvələrin minlərlə döyüş texnikasını -tankını, piyadaların döyüş maşınını, artilleriya qurğularını idarə edən, ondan düşmən mövqelərinə atəş açan hərbçilər bəs kimlərdir? Bildiyim qədər 1 nəfər də olsun başqa millətdən və ya ölkədən hərbçi yoxdur bizim döyüş texnikamızın sükanı arxasında. Özü də onların hər biri maşallah olsun ki, onlara təhkim olunmuş döyüş texnikasını mükəmməl bilir və istifadəsini də gözəl bacarır.
Sabiq spiker, 20 ildən artıqdır ki Amerikada rahat həyat yaşayan Rəsul Quliyev mənə və Eldar Namazova da "sataşmağı" unutmayıb. 
Əgər hörmətli sabiq spiker bilmirsə ki, aprelin əvvəllərində Azərbaycan ordusu düşmənə qarşı heç bir əməliyyat aparmayıb və sadəcə olaraq düşmənin həmləsini dəf edib və bu zaman cəmi cüzi qüvvəsindən istifadə edib, çox təəssüflənirəm. İnşallah, yaxın günlərdə ordumuzun nəyə qadir olduğunu görəndən sonra mən çox istərdim ki, Rəsul müəllim öz fikirlərini bildirsin. Silahlı Qüvvələrimiz cəngavər kimi hər bir silah-sursata malikdir və döyüş əzmi, ruhu da çox yüksəkdir.
Mənim bildiyim və hiss etdiyim bir məqam var ki, sanki bəzi keçmiş və hazırkı siyasi-hərbi elitadan olan şəxslər Azərbaycanın, Silahlı Qüvvələrin uğursuzluğunu elə bil arzulayırlarmış kimi görünürlər. Bu isə ən azından əxlaqsızlıq və mənaviyyatsızlıqdır. Bəziləri isə bilinmir xalqdan müxtəlif yollarla çırpışdırdıqları milyonların hesabına gedib oturublar müxtəlif ölkələrdə və şəhərlərdə öz xalqı üçün demək olar ki, barmaq barmaq üstə qoymurlar. O sırada elə hörmətli Rəsul Quliyevi də göstərə bilərəm. Bu isə çox təəssüfləndiricidir. Bu gün qapımızı kəsdirən rus-erməni təhlükəsi fonunda biz hər bir umu-küsünü kənara atıb ordumuz ətrafında möhkəm birləşərək ərazi bütövlüyümüzü təmin edib, nəhayət ki, Qarabağımızı azad etməliyik. Bunun üçün əsgər və zabitlərimiz öz işlərini görməli, yerdə qalanlar da bacardıqları şəkildə bu işə dəstək olmalıdırlar. Ən azından hörmətli Rəsul Quliyev kimi belə lazımsız və əhval ruhiyəyə mənfi təsir göstərəcək fikirlər səsləndirməməlidirlər.
Tanrı Azərbaycanımızı və onun Silahlı Qüvvələrini qorusun!!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin