Prezident Avropa təşkilatlarının ikiüzlülüyünü necə ifşa etdi? – TARİXİ MESAJLAR

Hazırda oxunan: Prezident Avropa təşkilatlarının ikiüzlülüyünü necə ifşa etdi? – TARİXİ MESAJLAR

636907

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısının çıxışı Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, 30 illik işğalın nəticələri, Azərbaycanın Zəfəri və postmüharibə dövrünün əsas prioritetləri baxımından mühüm mesajlarla zəngin olub.

30 ilin mənzərəsi: işğalın arxasında qalan dağıntı

Prezident çıxışında işğal illərində Qarabağda törədilən vandalizm aktlarına xüsusi yer verib və nümayəndə heyətinin həmin ərazilərə səfəri zamanı qarşılaşacağı mənzərə haqqında məlumat verib. 
 

Qeyd edək ki, nümayəndə heyəti Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcək. Bu şəhərlər Qarabağın keçmişi ilə bu günü arasında ən aydın müqayisəni aparmağa imkan verən məkanlardır.


Bir tərəfdə 30 illik işğalın dağıntıları, digər tərəfdə isə azadlıqdan sonra sürətlə dəyişən, yenidən qurulan Qarabağ. 

Qarabağda vandalizmə məruz qalan məscidlərin sayı isə işğalın başqa bir tərəfini göstərir. 65 məscidin Ermənistan dövləti tərəfindən tamamilə dağıdıldığını bildirən Prezident bunun ayrı-ayrı vandalizm aktları deyil, dövlət siyasəti olduğunu xüsusi vurğulayıb.

Bu məqam xüsusilə İslam dünyasının nümayəndələrinə verilən siyasi mesaj kimi xüsusi önəm kəsb edir. Çünki Qarabağda dağıdılan yalnız Azərbaycan xalqının milli-mədəni irsi deyildi, İslam dünyasının tarixi irsinin bir hissəsi də məhv edilirdi.

“Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi”, deyə Dövlətimizin başçısı vurğulayıb.

Məsələnin ən diqqətçəkən tərəfi isə Azərbaycanın Ermənistanın əməllərinə münasibətinin intiqam üzərindən deyil, yaddaş üzərindən qurulmasıdır.

“Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq.”

Prezident bu fikirlərlə bir daha diqqətə çatdırdı ki, Azərbaycan üçün unutmaqla bağışlamaq eyni anlayış deyil. Sülh mümkündür, münasibətlərin normallaşması mümkündür, amma baş verənlərin tarixdən silinməsi mümkün deyil.

Bəs niyə 30 il ərzində ədalət bərpa olunmadı?

Prezident İlham Əliyev çıxışında bu suala tarixi faktlarla cavab verdi. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanı dəstəkləyən böyük dövlətlər problemi həll etməkdən daha çox onu uzatmağa çalışırdılar:

“Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi.”
 

Məsələnin yalnız Ermənistanla Azərbaycan arasında münaqişə olmadığını illər ərzində Azərbaycan dəfələrlə bəyan edib. Ermənistanın arxasında siyasi, hərbi və iqtisadi dəstəyin olması işğalın uzun müddət davam etməsinə imkan verən əsas amillərdən biri idi.


Burada Azərbaycanın 30 illik diplomatik mübarizəsinin mahiyyəti də görünür. Bakı beynəlxalq təşkilatlardan müharibə aparmağı yox, siyasi mövqe ortaya qoymağı tələb edirdi. İşğalçı işğalçı adlandırılmalı, beynəlxalq hüququn tələbləri həyata keçirilməli idi. Lakin bu baş vermədi.

Nəticədə, qətnamələr kağız üzərində qaldı, reallığı Azərbaycan dəyişdi

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mövcudluğu, lakin onların icra edilməməsi beynəlxalq sistemin ən böyük ziddiyyətlərindən birini ortaya çıxardı: hüquq var idi, amma onu tətbiq etdirəcək siyasi iradə yox idi.

Azərbaycanın Zəfərindən sonra isə vəziyyət dəyişdi. Bu baxımdan 2020-ci il müharibəsi yalnız Azərbaycan üçün ərazi bütövlüyünün bərpası deyil, beynəlxalq münasibətlər baxımından da mühüm hadisə idi. Uzun illər “dondurulmuş münaqişə” kimi təqdim edilən problem artıq dondurulmuş vəziyyətdə qalmadı.
 

Prezidentin də qeyd etdiyi kimi, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.”


Bu presedentin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan illərlə siyasi və diplomatik yollarla həll edilməyən problemi öz gücü hesabına həll etdi. Təbii ki, şəhidlərin qanı və hərbçilərin qəhrəmanlığı sayəsində... Azərbaycan bununla öz ədalətini, hüququnu və milli ləyaqətini bərpa etdi.

Avropanın ikili standartları

Qarabağ münaqişəsinin həllinin bu qədər uzanmasında Avropa institutlarının tarixi rolu danılmazdır. Burada söhbət yalnız kağız üzərində münaqişənin həllinə “çalışıb”, əslində status-kvonun qorunması üçün əlindən gələni edən ATƏT-dən getmir. Avropa Şurası, Avropa Parlamenti də daim işğalın, işğalçının dəstəkçisi kimi çıxış edib. 

Ermənistanın 30 il ərzində işğal siyasətinə görə sanksiyaya məruz qalmaması, lakin Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam bərpasından cəmi dörd ay sonra Avropa Şurasının Azərbaycana qarşı sanksiyanın tətbiqi bunun əyani sübutudur. 

Prezident çıxışında Avropa Parlamentinin əsl simasını da açıq şəkildə ifşa edib:

“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”.

Separatçılığın sonu və ədalətin bərpası

Qarabağ Zəfərinin başqa bir mühüm nəticəsi separatçı rejimin tamamilə aradan qaldırılması oldu. Ərazi bütövlüyünün bərpası yalnız bütün torpaqların azad edilməsi ilə tamamlana bilməzdi. Separatçıların siyasi və hərbi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi də prosesin mühüm hissəsi idi.
 

Prezident çıxışında separatçı liderlərin və hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında cəzalarını çəkdiyini bildirərək bunu “ədalətin təntənəsi” kimi qiymətləndirib.


Bu yanaşma bir daha nümayiş etdirdi ki, Azərbaycan sülh prosesini davam etdirməklə paralel keçmişdə törədilmiş cinayətlərin məsuliyyətsiz qalmasına da imkan verməyib.

Küllərindən yüksələn Qarabağ

Bu gün Azərbaycan üçün əsas tarixi vəzifələrdən biri Qarabağın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 

İşğalın əsas məqsədlərindən birinin azərbaycanlıların öz torpaqlarına qayıtmasının mümkünsüz hala gətirilməsi olduğunu bildirən Prezident bu gün həmin planın tamamilə iflasa uğradığını diqqətə çatdırıb.

Belə ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə həyat bərpa olunub, 90 mindən çox insan həmin ərazilərdə yaşayır.
 

Bu rəqəmlərin arxasında əslində daha böyük siyasi məna var. İşğal zamanı etnik təmizləməyə məruz qalmış Qarabağ bu gün yenidən yaşayış məkanına çevrilir. İnsanların qayıdışı Zəfərin sosial və demoqrafik nəticələrini, qısa müddətdə görülən işlərin miqyasının nə qədər böyük olduğunu göstərir. 


Qarabağın bərpasında dini irsin xüsusi yer tutması da diqqətçəkən məqamdır. İşğal zamanı 65 məscidin dağıdıldığını bildirən Dövlətimizin başçısı ilk bərpa olunan obyektin Ağdam məscidi olduğunu qeyd edib. Bu günədək 12 məscidin bərpa edilməsi isə prosesin davam etdiyini göstərir.

Sülh tarixi unutmaq demək deyil...

Prezidentin çıxışında diqqət çəkən əsas mesaj məhz bu idi. Doğrudur, bu gün Azərbaycan regionda uzunmüddətli sülhün təmin olunması üçün çalışır. Azərbaycan müharibə səhifəsini bağlamağa, Ermənistanla münasibətləri normallaşdırmağa və regionda davamlı sülhün formalaşmasına hazırdır. Lakin bu sülh unutqanlıq üzərində qurula bilməz. Çünki Qarabağda baş verənlər yalnız keçmişin faciəsi deyil, gələcək üçün də tarixi dərsdir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin