Azərbaycanın Sudan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təqdim edib.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, təqdimat mərasimində E.Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sudan Suveren Keçid Şurasının Sədrinə çatdırıb.
Səfir Sudan rəhbərinin Azərbaycana 2019-cu ilin oktyabr ayında rəsmi və 2024-cü ilin noyabr ayında isə COP29 Liderlər Sammitində iştirak məqsədilə işgüzar səfərlərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğu vurğulanıb.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan arasında 2025-ci ilin aprelində Antalya Diplomatik Forumu çərçivəsində keçirilmiş görüş məmnunluqla xatırlanıb.
Diplomat Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə və prinsipial mövqeyə görə Sudan tərəfinə minnətdarlığını ifadə edib. E.Poluxov Azərbaycanın Sudanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib.
İki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Səfir Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrlik edəcəyini xatırladaraq, Sudanın Azərbaycanda keçiriləcək növbəti İslam Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.
Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Sudan tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib.
Al-Burhan, həmçinin gələn il iş qrafikindən asılı olaraq Azərbaycanda keçiriləcək İslam Zirvə Görüşündə iştirak etmək istədiyini vurğulayıb.
Sonda səfir Elxan Poluxov xatirə kitabına ürək sözlərini yazıb və yerli mətbuata müsahibə verib.



Bizim.Media



































































































