Hikmət Hacıyev Gəncədəki ispan pilotların unudulmuş tarixinə diqqət çəkdi - FOTO/VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev Gəncədəki ispan pilotların unudulmuş tarixinə diqqət çəkdi - FOTO/VİDEO

626265

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
 

O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.


Hacıyev bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

Filmdə qeyd olunur ki, 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı gənc ispan pilotları uçuş təlimi keçmək üçün Gəncəyə gəliblər. Fransisko Frankonun qələbəsi onların həyatını dəyişib. Pilotların bir çoxu vətənlərinə qayıda bilməyib, Sovet İttifaqında qalıb və daha sonra sovet hərbi hava qüvvələrində xidmət ediblər.
 

İkinci Dünya müharibəsi illərində onlardan bəziləri Azərbaycanın səmasının və strateji əhəmiyyət daşıyan Bakı neft yataqlarının nasistlərin hava hücumlarından müdafiəsində iştirak edib. Bir çoxu isə bir daha öz vətənini görə bilməyib.


Hikmət Hacıyev vurğulayıb ki, bu insanların yaddaşında ən çox qalan məqam azərbaycanlıların onlara göstərdiyi münasibət olub. O qeyd edib ki, çətin dövrlərdə belə Azərbaycan xalqı sahib olduğu az imkanları onlarla bölüşüb.

"Tarixin az tanınan, lakin dərin təsir bağışlayan hekayələrindən biri", - deyə Hacıyev paylaşımında bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin