Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Hazırda oxunan: Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

624341

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.


Deputat bildirib ki, soyuq müharibənin başa çatmasından sonra Avropa təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri Avropa İttifaqının öz müstəqil müdafiə mexanizmini və vahid ordusunu yaratması olub:

“Bu ideya müxtəlif dövrlərdə yenidən gündəmə gətirilsə də, aradan keçən otuz ildən artıq müddətdə bu istiqamətdə real nəticələrin əldə olunmadığını görürük. Bunun əsas səbəbi maliyyə çatışmazlığı və ya texniki imkanların məhdudluğu deyil. Əsas problem Avropa İttifaqının aparıcı dövlətləri arasında vahid təhlükəsizlik konsepsiyası və strateji baxışın olmamasıdır. Avropa İttifaqı iqtisadi inteqrasiyada mühüm nailiyyətlər əldə etsə də, təhlükəsizlik və müdafiə məsələlərində milli maraqlar hələ də ümumi maraqları üstələyir. Son illərin geosiyasi hadisələri, xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, enerji təhlükəsizliyi və hibrid təhdidlər Avropanın təhlükəsizlik məsələlərinə münasibətini dəyişsə də, vahid ordu ideyasının həyata keçirilməsi istiqamətində fundamental ziddiyyətlər aradan qalxmayıb”.

Fransa ilə Almaniyanın fərqli baxışları əsas maneəyə çevrilib

Rizvan Nəbiyevin sözlərinə görə, Avropa İttifaqının müdafiə siyasətində əsas fikir ayrılığı Fransa ilə Almaniya arasında mövcuddur və məhz bu ziddiyyətlər layihənin gələcəyini sual altında qoyur:

“Fransa uzun illərdir Avropa İttifaqının təhlükəsizlik sahəsində əsas siyasi liderinə çevrilmək istəyir. Paris hesab edir ki, Avropa ABŞ-dan daha az asılı olmalı və öz hərbi potensialını formalaşdırmalıdır. Lakin Fransa bunu daha çox öz geosiyasi baxışları və strateji maraqları çərçivəsində həyata keçirmək istəyir. Fransa təklif etdiyi modeldə Avropa ordusunu təkcə Avropa qitəsinin müdafiəsi üçün deyil, həm də özünün qlobal maraqlarını qoruyan alət kimi görür. Fransanın Afrikada, xüsusilə keçmiş müstəmləkələrində uzun illər davam edən siyasi, iqtisadi və hərbi maraqları mövcuddur. Paris həmin regionlarda təsir imkanlarını saxlamaq niyyətindədir. Avropa ordusu konsepsiyasına münasibətdə də bu yanaşma açıq şəkildə hiss olunur. Başqa sözlə, Fransa özünün qlobal hərbi iştirakını Avropa İttifaqının ümumi resursları hesabına davam etdirmək istəyir”.


Almaniya kontinental müdafiəyə üstünlük verir

Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Almaniyanın yanaşması tamamilə fərqlidir:

“Almaniya hesab edir ki, Avropa İttifaqının təhlükəsizlik sistemi ilk növbədə Avropa qitəsinin müdafiəsinə xidmət etməlidir. Berlin üçün əsas prioritet kontinental təhlükəsizlikdir. Almaniya digər regionlardakı hərbi əməliyyatlara və ya Fransanın keçmiş müstəmləkələrində maraqlarının qorunmasına Avropa resurslarının yönəldilməsini məqsədəuyğun hesab etmir. Avropa İttifaqının iqtisadi lokomotivi sayılan Almaniyanın bu mövqeyi Fransa ilə ciddi fikir ayrılığı yaradır və nəticədə ortaq müdafiə konsepsiyasının formalaşdırılması mümkün olmur. Bu, sadəcə taktiki fikir ayrılığı deyil. Burada söhbət Avropanın gələcək təhlükəsizlik modelinə dair tamamilə fərqli strateji baxışlardan gedir”.


Böyük Britaniyanın narazılığı da təsadüfi olmayıb

Deputat xatırladıb ki, Fransanın Avropa daxilində liderlik iddiaları əvvəllər də ciddi narazılıq doğurub:

“Vaxtilə Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərində yaranan problemlərin mühüm səbəblərindən biri də Fransanın inteqrasiya proseslərini öz siyasi baxışları istiqamətində yönləndirmək cəhdləri idi. London Avropa İttifaqının tədricən mərkəzləşdirilmiş siyasi və hərbi struktura çevrilməsinə ehtiyatla yanaşırdı. Bu gün də oxşar yanaşmalar Avropa daxilində tam aradan qalxmayıb. Bir çox dövlətlər hesab edir ki, vahid ordu adı altında faktiki olaraq bəzi böyük dövlətlərin siyasi maraqları həyata keçirilə bilər”.

Rizvan Nəbiyev qeyd edib ki, Avropa ordusunun yaradılması məsələsində iqtisadi maraqlar da mühüm rol oynayır:

“Fransa Avropa müdafiə bazarında öz hərbi sənayesinin dominant mövqeyini möhkəmləndirmək istəyir. Xüsusilə Fransa istehsalı olan “Rafale” döyüş təyyarələrinin və digər silah sistemlərinin Avropa ölkələri tərəfindən geniş şəkildə alınmasına çalışır. Bu yanaşma digər Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmır. Avropa İttifaqında daha münasib qiymətə və yüksək keyfiyyətlə silah istehsal edən başqa ölkələr də var. Onlar müdafiə bazarının yalnız bir ölkənin maraqları çərçivəsində formalaşdırılması ilə razılaşmırlar. Bu isə ümumi müdafiə sənayesi siyasətinin hazırlanmasını çətinləşdirir”.


Birgə qırıcı layihəsinin uğursuzluğu problemlərin göstəricisidir

Deputatın fikrincə, Fransa ilə Almaniya arasında gələcəyin döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan böyük layihənin faktiki dayanması da bu fikir ayrılıqlarının real nəticəsidir:

“Avropanın ən iri müdafiə layihələrindən biri hesab olunan yeni nəsil döyüş təyyarəsinin hazırlanması üzrə əməkdaşlıq uzun müddətdir ciddi problemlərlə üzləşir. Burada texniki məsələlərdən daha çox sənaye, maliyyə və siyasi maraqların toqquşması özünü göstərir. Bu isə onu göstərir ki, ortaq ordu yaratmaq ideyası kağız üzərində göründüyü qədər sadə deyil. Əgər iki aparıcı Avropa dövləti vahid hərbi platforma hazırlaya bilmirsə, bütöv Avropa ordusunun yaradılması daha mürəkkəb proses olacaq”.


Makronun geosiyasi ambisiyaları prosesi mürəkkəbləşdirir

Rizvan Nəbiyev bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Avropanın gələcəyi ilə bağlı irəli sürdüyü ideyaların əhəmiyyətli hissəsi Fransanın böyük güc statusunu qorumaq məqsədi daşıyır:

“Makron Avropanın strateji muxtariyyətindən danışır. Lakin bu təşəbbüslərin əhəmiyyətli hissəsi Fransanın beynəlxalq təsir imkanlarının genişləndirilməsi ilə üst-üstə düşür. Bu isə digər üzv dövlətlərdə müəyyən narahatlıqlar yaradır. Avropa İttifaqı daxilində liderlik uğrunda rəqabət davam etdikcə, vahid ordu ideyasının reallaşması perspektivi zəif görünür. Mövcud şəraitdə Avropa dövlətlərinin böyük hissəsi təhlükəsizlik zəmanətlərini yenə də NATO çərçivəsində görür. Bir çox Avropa ölkəsi müdafiə xərclərini artırmaq məsələsində də tam razılığa gələ bilmir. NATO üzvlərinin əksəriyyəti uzun illər alyans qarşısında götürdükləri öhdəlikləri belə tam yerinə yetirməyiblər. Belə olan halda, paralel olaraq tam yeni hərbi strukturun yaradılması həm maliyyə, həm də siyasi baxımdan olduqca mürəkkəb görünür. NATO bu gün Avropa təhlükəsizliyinin əsas təminatçısı olaraq qalmaqda davam edir”.


Ziddiyyətlər Avropanı daha həssas vəziyyətə gətirir

Rizvan Nəbiyev deyib ki, Avropa İttifaqı daxilində davam edən fikir ayrılıqları bütövlükdə təşkilatın geosiyasi imkanlarına da mənfi təsir göstərir:

“Bu gün Avropa İttifaqı iqtisadi baxımdan dünyanın ən güclü birliklərindən biridir. Ancaq təhlükəsizlik sahəsində eyni gücdən danışmaq mümkün deyil. Xaricdən gələn hərbi, kiber və digər hibrid təhdidlər fonunda vahid qərar qəbul etmək mexanizmlərinin ləng işləməsi İttifaqın operativ reaksiyasını məhdudlaşdırır. Aİ-nin qərar qəbuletmə prosedurlarının çoxpilləli olması beynəlxalq böhranlara çevik reaksiya verməyə imkan yaratmır. Bəzən Avropa İttifaqı qonşuları ilə münasibətlərdə kifayət qədər sərt siyasi ritorikadan istifadə edir. Lakin geosiyasi reallıq göstərir ki, hərbi güclə dəstəklənməyən siyasi bəyanatların təsir imkanları məhdud olur. Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi güclə yanaşı, etibarlı təhlükəsizlik mexanizmləri də vacibdir”.

Deputat hesab edir ki, Avropa İttifaqı əvvəlcə öz daxilində strateji baxış birliyini təmin etməli, üzv dövlətlərin milli maraqları ilə ümumi təhlükəsizlik maraqları arasında balans yaratmalıdır:

“Əks halda, vahid Avropa ordusu ideyası yaxın perspektivdə daha çox siyasi bəyanat səviyyəsində qalacaq. Avropa təhlükəsizliyi isə əsasən NATO-nun imkanlarına söykənməyə davam edəcək. Mövcud geosiyasi reallıq göstərir ki, ümumi təhlükəsizlik yalnız siyasi iradə, qarşılıqlı etimad və ortaq strateji məqsədlər olduğu halda təmin edilə bilər. Bu elementlər formalaşmadan vahid ordu yaratmaq mümkün deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin