Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Hazırda oxunan: Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

623535

Xəbər verdiyimiz kimi, iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Zirvə toplantısında Alyansın 32 üzv dövlətinin liderləri bir araya gələcək.

Ankarada keçiriləcək NATO dövlət və hökumət başçılarının sammiti təkcə növbəti diplomatik görüş deyil, həm də müasir dünyanın dəyişən təhlükəsizlik arxitekturasını formalaşdıracaq mühüm siyasi platformadır. Rusiya-Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdə gərginliyin artması, qlobal güclər arasında rəqabətin dərinləşməsi və yeni texnologiyaların hərbi sahədə yaratdığı çağırışlar fonunda bu sammitə maraq əvvəlkilərlə müqayisədə daha yüksəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?


Sammitin əsas gündəliyini müdafiə xərclərinin artırılması, NATO ölkələrinin müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və alyansın gələcək strateji prioritetlərinin müəyyənləşdirilməsi təşkil edir. Xüsusilə üzv dövlətlərin müdafiəyə daha çox vəsait ayırması məsələsi müzakirələrin mərkəzində dayanır.

Ankaranın ev sahibi seçilməsi də təsadüfi deyil.

Türkiyə həm Avropa, həm də Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi, Qara dəniz və Yaxın Şərqə yaxınlığı ilə NATO üçün mühüm əhəmiyyət daşıyır. Bu sammit Türkiyənin alyans daxilində rolunun və geosiyasi çəkisinin bir daha nümayiş etdirilməsi baxımından da diqqət çəkir.

Digər mühüm mövzulardan biri Ukrayna müharibəsi fonunda NATO-nun vahid mövqeyinin qorunmasıdır. Alyans ölkələri Rusiyanın yaratdığı təhlükəsizlik risklərini qiymətləndirərək hərbi hazırlığın gücləndirilməsi və müdafiə istehsalının artırılması istiqamətində yeni qərarlar qəbul etməyə çalışırlar. Bununla yanaşı, transatlantik münasibətlərdə fikir ayrılıqlarının aradan qaldırılması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi də sammitin əsas məqsədlərindəndir.

Ankara sammiti sübut edir ki, XXI əsrdə təhlükəsizlik anlayışı yalnız silahlı qüvvələrin gücü ilə məhdudlaşmır. Süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesinin inkişafı və texnoloji üstünlük də artıq hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan sammitdə yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

Sammitdən hansı nəticə hasil olacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, çox böyük hadisədir və onun müxtəlif aspektləri var:

“Məlumdur  ki, NATO hazırda özünün böhran dövrünü yaşayır. Qurumun Nizamnaməsi və öhdəlikləri bir çox hallarda icra olunmur. Həmçinin bəzi üzv dövlətlər NATO-nun öhdəliklərinə şübhə ilə yanaşır. Bundan əlavə, üzv dövlətlər arasında daxili gərginlik mövcuddur. Məsələn, Trampın Danimarkaya qarşı bəyanatları, Yunanıstan-Türkiyə münasibətlərindəki gərginlik, Ukraynada davam edən müharibəyə və Rusiyaya qarşı münasibətdə üzv dövlətlərin fərqli baxışları buna misal ola bilər.

Bu mənada Ankara Zirvə görüşündə müzakirə ediləcək mövzular çoxdur. Təbii ki, sadaladığımız bütün problemlər bir görüşdə həllini tapmayacaq. Amma hər halda mühüm bir görüşdür”.

“Yeni mərhələ başlayacaq”
 

Müsahibimiz hesab edir ki, bizim üçün önəmli məsələ qardaş Türkiyənin Zirvə görüşündə sərgiləyəcəyi mövqe və ortaya qoyacağı iradədir:


“Tramp dəfələrlə bəyan edib ki, Türkiyə ilə bağlı onun özünəxas mövqeyi var. Əminəm ki, bu görüş çərçivəsində ABŞ və Türkiyə həm ikitərəfli, həm də çoxtərəfli formatda  münasibətlərdə yeni mərhələ başlayacaq. Xüsusilə də İsrail-Türkiyə siyasi böhranı fonunda bu olduqca vacib məsələdir. Bir sözlə, müzakirə ediləcək mövzular çoxdur. Onların hər biri böyük diqqət və təhlil tələb edir”.

Göründüyü kimi, Ankara sammitində qəbul ediləcək qərarlar təkcə NATO ölkələrinin deyil, bütövlükdə Avroatlantik məkanın təhlükəsizlik siyasətinə təsir göstərəcək. Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda bu görüş alyansın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi tarixə düşə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin