Sabitlik, Zəfər və inkişafın SİYASİ FORMULU

Hazırda oxunan: Sabitlik, Zəfər və inkişafın SİYASİ FORMULU

623019

Müasir beynəlxalq münasibətlər sistemi kəskin geosiyasi sarsıntılar, regional münaqişələr və qlobal qeyri-müəyyənliklərlə xarakterizə olunur. Belə bir dövrdə, dövlətlərin milli təhlükəsizliyini və daxili sabitliyini qorumaq fəaliyyəti birbaşa olaraq liderlik fenomeni ilə bağlıdır.

İlham Əliyev: Xalqın tam dəstəyini qazanan lider

Medianın İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirdiyi ictimai rəy sorğusunun nəticələri Dövlətimizin başçısının siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin mütləq səviyyədə olduğunu göstərir.
 

Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir ki, bu da ölkədə hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına sarsılmaz inam bəslədiyini təsdiqləyir. Eyni zamanda, rəyi soruşulanların 93.6 faizi Prezidentin daxili və xarici fəaliyyətini tam müsbət qiymətləndirir.


Bu etimadın və siyasi dəstəyin ən real, təkzibolunmaz indikatoru isə vətəndaşların birbaşa seçki davranışlarında özünü büruzə verir; belə ki, "Prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, hansı namizədə səs verərdiniz?" sualına rəyi soruşulanların böyük əksəriyyəti – rəsmən 91.5 faizi məhz Prezident İlham Əliyevin adını çəkib.

Sorğu nəticələri dövlət başçısına olan yüksək inamın onun şəxsi reputasiyası ilə bərabər, həm də İlham Əliyevin rəhbərliyi altında ölkənin daxili sabitliyinin və milli maraqlarının qorunmasının vahid xətt kimi formalaşdığını sübut edir. Məhz bu səbəbdən Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində cəmiyyəti birləşdirici faktor, sabitlik və inkişaf baxımından isə tamamilə alternativsiz hesab edilir — respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir.

Bu fundamental etimad mühitinin formalaşması təsadüfi xarakter daşımır və bir neçə mühüm strateji amillə şərtlənir.

Güclü lider fenomeni və xalq iradəsinin vəhdəti

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici-daxili siyasət kursunun, hər bir qərarın mərkəzində bilavasitə Azərbaycan xalqının fundamental maraqları dayanır. Eyni zamanda milli maraqların qətiyyətlə, heç bir xarici təzyiqə boyun əymədən prinsipiallıqla müdafiə olunması İlham Əliyevin xalqın güvəndiyi, bu gününü, gələcəyini etibar etdiyi lider olduğunu göstərir.

Bu prosesdə ən mühüm nüans siyasi gücün mənbəyidir: İlham Əliyev öz siyasi gücünü və legitimliyini bilavasitə xalqdan alır, ona güvənir və hər bir qərarında cəmiyyətin real iradəsini ifadə edir. Güclü xarizmatik lider xüsusiyyətləri Dövlətimizin başçısının təkcə ölkə daxilində deyil, qlobal arenada da böyük nüfuza malik siyasi xadim kimi qəbul olunmasını təmin edib.

Tarixi ədalətin bərpası – tam və mütləq Zəfər

Şübhəsiz ki, xalqın Dövlətimizin başçısına olan rəğbətinin və etimadının ən uca nöqtəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və ardınca reallaşdırılan antiterror tədbirləri ilə bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifəsidir.

Azərbaycanın qazandığı bu zəfər, İkinci Dünya Müharibəsindən sonra dünya hərb tarixində bir dövlətin öz gücü ilə, heç bir xarici hərbi koalisiyaya daxil olmadan, işğal altında olan torpaqlarını tam azad edərək ərazi bütövlüyünü bərpa etdiyi yeganə mütləq və qəti qələbədir. Bu tarixi zəfər xalqın milli qürurunu dirçəltməklə yanaşı, İlham Əliyevin adını tarixə Müzəffər Ali Baş Komandan kimi həkk etdi.

Tam iqtisadi suverenlik və etibarlı ticarət tərəfdaşlığı

Məlumdur ki, Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu ölkəmizi özü-özünü tam təmin edən, xarici maliyyə mərkəzlərindən asılı olmayan qüdrətli bir dövlətə çevirib. Hərtərəfli iqtisadi şaxələndirmə, modern ordunun qurulması və hərbi-sənaye kompleksinin gücləndirilməsi respublikamızı Cənubi Qafqazın şəksiz liderinə çevirib.

Təsadüfi deyil ki, ölkəmizin xarici borcu ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız isə xarici borcu 16-17 dəfə üstələyir.

Üstəlik, son illərdə iqtisadiyyatın neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71,5 faizi qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizin tam iqtisadi suverenliyinin rəsmi təsdiqidir.

Digər tərəfdən, Bu gün rəsmi Bakı regional layihələrin sadəcə iştirakçısı deyil, həm də qlobal səviyyədə gündəliyi müəyyən edən, prinsipial mövqeyə malik müstəqil güc mərkəzidir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan Cənub Qaz Dəhlizi və Şərqlə Qərbi birləşdirən Orta Dəhliz layihələri Azərbaycanı qlobal miqyasda etibarlı ticarət tərəfdaşı statusuna yüksəldib. Bununla paralel, beynəlxalq platformalarda Azərbaycanın səsinin ucalması və irəli sürdüyü qlobal təşəbbüslərin dəstəklənməsi ölkəmizin qazandığı yüksək beynəlxalq nüfuzun göstəricisidir.

Qlobal tufanın ortasında sabitlik adası

Dünyanın müxtəlif coğrafiyalarında münaqişələrin, proksi müharibələrin və qarşıdurmaların artdığı müasir dövrdə Azərbaycanda daxili sabitliyin, dinc birgəyaşayışın və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması dövlət idarəçiliyinin ən böyük uğurlarındandır. Rusiya və Ukrayna arasında gedən dağıdıcı savaşın Avrasiya materikini sarsıtdığı, Yaxın Şərqdə və xüsusilə ABŞ-İran xəttində gərginliyin genişmiqyaslı toqquşmalara yol açdığı bir dönəmdə, Azərbaycan öz sərhədlərini xarici risklərdən tam izolyasiya edə bilib.
 

Böyük güclərin poliqonuna çevrilməyən, əksinə, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət sayəsində Azərbaycan regionda sülh və təhlükəsizlik adasına çevrilib. Sosioloji sorğularda əksini tapan nəticələr də məhz bu sabitliyə, suverenliyə və qlobal xaosdan uzaq, təhlükəsiz gələcəyə verilən ümumxalq səsidir.


Sorğu nəticələri vahid real mənzərəni əks etdirir:

Azərbaycan xalqı öz siyasi liderinin ətrafında sıx birləşərək, gələcək inkişafın, qlobal nüfuzun və sarsılmaz təhlükəsizliyin yeganə təminatçısı olaraq İlham Əliyev fenomenini görür. Bu böyük etimad, ölkəmizi gözləyən yeni hədəflərə doğru daha qətiyyətlə aparan əsas mənəvi güc mənbəyidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin