Bu gün Azərbaycanda polis işçilərinin peşə bayramıdır. Azərbaycan Polis Günü Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə təsis olunub.
Bu əlamətdar günü tarixi əsasları isə 108 il əvvələ - 1918-ci ilə gedib çıxır. Məhz 1918-ci ilin bu günündə müstəqil Azərbaycanda ictimai asayişin və təhlükəsizliyin qorunması və cinayətkarlıqla mübarizəni səmərəli təşkili üçün polis orqanları yaradıldı.
Polisin cəmiyyətdə və dövlətçilikdə rolu
Hər bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də cəmiyyətində hökm sürən sabitlik, qanunun aliliyi və ictimai asayişlə ölçülür. Bu dəyərlərin qorunmasında isə polis əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Onlar gecə-gündüz, bayram və istirahət günü tanımadan insanların təhlükəsizliyi, hüquq və azadlıqlarının müdafiəsi naminə xidmət edirlər.
Azərbaycan Polisi yarandığı gündən dövlətçiliyin qorunmasında mühüm rol oynayıb. Xüsusilə müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, cinayətkarlığın sürətlə artması cəmiyyət üçün böyük problem idi.
SSRİ-nin süqutundan sonra digər keçmiş müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da kriminal dəstələr, reket qruplaşmaları və müxtəlif silahlı cinayətkar ünsürlər geniş fəaliyyət göstərməyə başlamışdı. Həmin dövrdə bu qruplar təkcə vətəndaşların həyat və əmlakına təhlükə yaratmır, həm də ölkənin sosial-iqtisadi inkişafına, ictimai sabitliyə və dövlət idarəçiliyinə ciddi zərbə vururdu. Təəssüflər olsun ki, polisin cinayətkar reket dəstələr kimi fəaliyyət göstərməsi kimi xoşagəlməz hallara da rast gəlinirdi.
Bu gün isə Azərbaycan həmin dövrlə müqayisədə tamamilə fərqli təhlükəsizlik mühitinə malikdir. Kriminal durum tam nəzarət altındadır, vətəndaşlar küçələrdə, evlərində və yollarında özlərini təhlükəsiz hiss edirlər.
Bu hüquq-mühafizə orqanlarında həyata keçirilən ardıcıl islahatların, polis əməkdaşlarının peşəkarlığının və xalqla dövlət arasında möhkəm həmrəyliyin göstəricisidir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazası davamlı şəkildə gücləndirilib, əməkdaşların sosial müdafiəsi daha da yaxşılaşdırılıb, müasir informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri və yüksək hazırlıqlı kadr potensialı formalaşdırılıb. Bütün bunlar Azərbaycan polisinin operativliyini, çevikliyini və effektiv fəaliyyətini əhəmiyyətli dərəcədə artıraraq ölkədə sabitliyin və ictimai təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına mühüm töhfə verir.
Polis Vətənin müdafiəçisi kimi
Hər kəsə məlumdur ki, 1988-ci ilin əvvəllərində ermənilərin başlatdıqları təxribatlarla mübarizədə polislər ön sırada idilər. Bir çox hallarda polislər təkcə asayiş keşikçisi kimi yox, həm də Vətənin müdafiəçisi kimi çıxış edirdilər.
Təsadüfi deyil ki, 1988-ci ildən 2020-ci ilə qədər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı qəhrəmancasına şəhid olub, 1710 nəfəri isə yaralanıb.
Etiraf etməliyik ki, 1988-ci ildə erməni təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub.
Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Vətən Müharibəsi dövründə isə Daxili İşlər Nazirliyinin 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb.
Təxribatlara qarşı xalqla çiyin-çiyinə
Müharibə başa çatsa da, 2020-2023-cü illərdə Qarabağda çox sayda təxribatçı qüvvələr, silahlı üsnürlər var idi. Həmin təxribatçılara qarşı ağır şərtlər altında Azərbaycan polisi mübarizə aparırdı.
Laçın dəhlizində ekoloji aksiya zamanı polis əməkdaşlarının fəaliyyəti isə xüsusilə qeyd olunmalıdır. Onlar riskli, təxribat ehtimalının pik həddə olduğu şəraitdə dinc aksiya iştirakçılarının təhlükəsizliyini yüksək səviyyədə qorudular. Həmin aksiya günlərində polis əməkdaşları ekoloji terrora etiraz edən fəallarla çiyin-çiyinə dayanıb, xalqın yanında olduqlarını bir daha sübut etdilər.
Sakitləşmək bilməyən erməni millətçi-təcavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almasının nəticəsi idi ki, 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərində yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı həyatını itirdi. Onlardan 4-ü Daxili İşlər Nazirliyinin əməkdaşları idi.
Ona görə də bugünkü müstəqil və suveren Azərbaycan üçün, sabitlik və rifah üçün digər şəhidlərimizlə yanaşı şəhid polislərimizə də minnətdarıq, onların ruhu qarşısında borcluyuq.
Azərbaycan polisi pandemiya dövründə
2020-ci ilin yazında COVİD19 pandemiyası sürətlə ölkəmizdə yayılmağa başladı. Həmin günlərdə bir çox sahənin işçiləri distant iş rejiminə keçdi. Ancaq Azərbaycan polisi 7/24 fəaliyyətdə idi.
Karantin rejiminin icrasını həyata keçirtməklə yanaşı Azərbaycan polisi insanların sosial təcrid prosesinə öz yardımını göstərdi. Nəticədə pandemiyanın fəsadları lokallaşdırıldı. Amma yüzlərlə polis vəzifə borcunu yetirərkən bu amansız xəstəliyə yoluxdu. Nəticədə, xeyli polis pandemiya səbəbilə həyatını itirdi.
Müasir çağırışlar fonunda Azərbaycan polisinin uğurları
Bu gün də daxili işlər orqanları müasir çağırışlara uyğun fəaliyyət göstərərək cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətlərə və digər hüquq pozuntularına qarşı mübarizəni davam etdirir.
Heç kimə sirr deyil ki, kibercinayətkarlıq dünyanın bütün ölkələri üçün ciddi problemə çevrilib. Bu şəbəkəyə qarşı mübarizə isə peşəkarlıq və əzmkarlıq tələb edir. Məmnunluqla deyə bilərik ki, kibercinayətkarlara qarşı Azərbaycan polisi yüksək səviyyədə, peşəkarlıqla mübarizə aparır.
Polis peşəsi sadəcə bir iş deyil, böyük məsuliyyət və vətənə, dövlətə, xalqa xidmət missiyasıdır. Hər bir polis əməkdaşı and içərək qanuna sədaqətlə xidmət etməyi, insanların təhlükəsizliyini qorumağı özünün əsas vəzifəsi hesab edir. Onların fəaliyyəti çox zaman görünməyən, lakin cəmiyyət üçün həyati əhəmiyyət daşıyan zəhmətdən ibarətdir. Bir çox hallarda polis əməkdaşları öz həyatlarını riskə ataraq başqalarının həyatını xilas edir, cinayətkarlarla üz-üzə dayanır və ictimai təhlükəsizliyi təmin edirlər.
Müasir dövrdə polisin fəaliyyəti yalnız cinayətlərin açılması ilə məhdudlaşmır. Profilaktik tədbirlər, hüquqi maarifləndirmə, vətəndaşlarla səmərəli əməkdaşlıq, rəqəmsal texnologiyaların tətbiqi və operativ xidmətlərin təkmilləşdirilməsi polis fəaliyyətinin əsas istiqamətlərinə çevrilib. Cəmiyyətlə polis arasında qarşılıqlı etimadın möhkəmlənməsi hüquqi dövlət quruculuğunun vacib şərtlərindən biridir.
Azərbaycan polisi – ictimai etimadın simvolu
Polis yalnız hüquq-mühafizə orqanının nümayəndəsi deyil, həm də dövlətin qanuna söykənən gücünün, ədalətin və ictimai etimadın simvoludur. Onların peşəkarlığı, fədakarlığı və Vətənə sədaqəti Azərbaycanın sabitliyi və təhlükəsiz gələcəyinin ən mühüm təminatlarından biridir.
Bu gün polis ilə Azərbaycan xalqı arasında qarşılıqlı etimad və əməkdaşlıq cəmiyyətimizin təhlükəsizliyini şərtləndirir. Əgər polis qanunun keşiyində dayanaraq vətəndaşların hüquq və azadlıqlarını qoruyursa, xalq da qanunlara hörmət və hüquq-mühafizə orqanlarına dəstək göstərməklə bu missiyaya töhfə verir.
Polis–xalq birliyi yalnız cinayətkarlığa qarşı mübarizədə deyil, həm də ictimai asayişin qorunmasında, fövqəladə hallarda və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Qarşılıqlı hörmət, etimad və əməkdaşlıq möhkəm olduqca cəmiyyət daha təhlükəsiz, dövlət isə daha güclü olur.
Unutmayaq ki, güclü polis və ona güvənən xalq hər zaman sabitliyin, təhlükəsizliyin və milli birliyin ən etibarlı təminatıdır.
Bizim.Media kollektivi olaraq Polis Günü münasibətilə ölkəmizin daxili sabitliyinin və ictimai asayişin keşiyində ayıq-sayıq dayanan bütün polis əməkdaşlarını təbrik edir, onlara şərəfli peşələrində daha böyük uğurlar arzu edirik!
Bizim.Media


































































































