Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlaması mənim tələbəlik illərimə təsadüf edir. Bu, Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xaosdan sabitliyə, tənəzzüldən inkişaf yoluna qədəm qoyduğu, Prezident İlham Əliyevin isə həmin siyasi kursu yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirdiyi illər idi.
Yaxşı xatırlayıram, Naxçıvanda gənclər, ziyalılar, müxtəlif peşə sahibləri Heydər Əliyevdən sonrakı Azərbaycanın taleyi, müstəqilliyimizin gələcəyi haqqında tez-tez müzakirələr aparır, bəzən narahatlıqlarını da dilə gətirirdilər. Çünki Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək çox çətin görünürdü.
Aradan illər keçib. Bu gün isə etiraf etməliyik ki, ölkəmizi Prezident İlham Əliyevsiz təsəvvür etmək də eyni dərəcədə çətindir.
Bu, təkcə bir şəxsə olan rəğbətin deyil, uzun illər ərzində formalaşmış etimadın, dövlət-vətəndaş münasibətlərində yaranmış inamın və milli birliyin ifadəsidir.
Son 25 ildə Azərbaycan gözlərimiz önündə dəyişdi, böyüdü, gücləndi. Bu inkişaf təkcə yeni yolların, körpülərin, şəhərlərin salınması ilə ölçülmür. Bu inkişaf hər bir azərbaycanlının dik duruşunda, öz dövlətinə inamında, qalib xalq olmasının qürurunda yaşayır. Bu gün artıq "Azərbaycan" deyəndə dünyanın siyasi dairələrinin yaddaşında Prezident İlham Əliyevin qətiyyətli siması canlanır. Çünki müasir Azərbaycanın siyasi imzası onun liderinin adı ilə ayrılmaz şəkildə bağlıdır.
Bu gün Medianın İnkişafı Agentliyinin açıqladığı (MEDİA) 2026-cı ilin birinci yarısını əhatə edən ictimai rəy sorğusunun nəticələri də cəmiyyətdə formalaşmış bu etimadı bir daha rəqəmlərlə təsdiqləyir.
Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi 87,7 faiz təşkil edir. Başqa sözlə, ölkədə hər on nəfərdən təxminən doqquzu dövlət başçısına etibar edir. Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Etimadın ən mühüm göstəricilərindən biri isə seçki davranışıdır. Sorğu iştirakçılarının 91,5 faizi bildirib ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, səsini Prezident İlham Əliyevə verərdi.
Sorğunun təhlili göstərir ki, yüksək ictimai dəstək təkcə Prezidentin şəxsi reputasiyası ilə deyil, ölkədə sabitliyin qorunması, təhlükəsizliyin təmin olunması və dövlət idarəçiliyində ardıcıllığın saxlanılması ilə də sıx bağlıdır. Respondentlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qiymətləndirir. Maraqlıdır ki, bu yanaşma cəmiyyətin bütün sosial-demoqrafik təbəqələrində müşahidə olunur və əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir.
İctimai rəy sorğusu 20–30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Müasir dünyada hər lider belə etimad qazana bilmir. Bu gün planet müharibələrin, geosiyasi qarşıdurmaların, iqtisadi sarsıntıların və dərin etimad böhranının içindən keçir. Dövlətlərin taleyini artıq təkcə silahlar deyil, liderlərin qətiyyəti, siyasi iradəsi və xalqların onlara olan inamı müəyyən edir. Elə buna görə də Abraham Linkolnun məşhur fikri bu gün də öz aktuallığını qoruyur: "Xalqın etimadını qazanan insan onu uzun müddət idarə edə bilər."
Prezident İlham Əliyevin liderliyi artıq təkcə Azərbaycanın sərhədləri daxilində qiymətləndirilmir. Bu gün onun siyasi qətiyyəti, prinsipial mövqeyi və etibarlı tərəfdaş imici beynəlxalq münasibətlər sistemində də yüksək dəyərləndirilir. Dünyanın müxtəlif siyasi mərkəzlərini təmsil edən dövlət başçıları və hökumət rəhbərləri Azərbaycanla əməkdaşlığı etibarlı tərəfdaşlıq nümunəsi kimi qəbul edirlər. Çünki onlar qarşılarında verdiyi sözə sadiq qalan, milli maraqları qətiyyətlə müdafiə edən, eyni zamanda qarşılıqlı hörmət və etimad üzərində münasibətlər quran lider görürlər.
XXI əsrdə Prezident İlham Əliyev Azərbaycanın suverenliyini tam təmin edən, Vətən müharibəsində tarixi Zəfərə rəhbərlik edən, Qarabağın dirçəlişini yeni inkişaf mərhələsinə çevirən, Türk dünyasının birliyinə mühüm töhfələr verən və mürəkkəb geosiyasi coğrafiyada balanslı diplomatiya məktəbi yaradan lider kimi tarixə düşür. Bu gün dünyanın aparıcı paytaxtlarında Azərbaycanla bağlı qərarlar verilərkən Prezident İlham Əliyevin mövqeyi diqqətlə izlənilir, fikri dinlənilir və etibarlı tərəfdaş kimi yüksək hörmətlə qarşılanır. Bu isə təsadüf deyil.
Bu, illərlə formalaşan siyasi nüfuzun, prinsipial mövqeyin və qazanılmış etimadın nəticəsidir. Sosial-iqtisadi inkişaf, yenidən qurulan Qarabağ, yaradılan sənaye müəssisələri, hər il istifadəyə verilən minlərlə sosial obyekt, çəkilən yollar, körpülər, salınan kəndlər, qəsəbələr və şəhərlər müasir Azərbaycanın inkişaf salnaməsidir. Bu gün ölkənin hər qarış torpağında quruculuq nəfəsi duyulur. Hər yeni məktəb, hər yeni xəstəxana, hər yeni yol, hər yeni yaşayış məntəqəsi gələcəyə inamın daş kitabəsidir.
Nizami Gəncəvi yazırdı: "Dövlətin gücü ədalət və birlikdədir." Məhz birlik və qarşılıqlı etimad dövlətlərin dayanıqlığını təmin edən ən böyük sərvətdir. Azərbaycanın son illərdə qazandığı uğurlar da xalq-lider birliyinin, qarşılıqlı etimadın və milli həmrəyliyin parlaq nümunəsidir.
Bu gün Azərbaycan regional proseslərin sadəcə iştirakçısı deyil, onların istiqamətini müəyyən edən əsas oyunçulardan biridir. Dövlətimizin sözü eşidilir, mövqeyi nəzərə alınır, milli maraqları qətiyyətlə müdafiə olunur. Bir vaxtlar dünyadan dəstək gözləyən Azərbaycan bu gün özü etibarlı tərəfdaş, sözünün sahibi və nüfuzlu dövlət kimi qəbul edilir. Bu yüksəlişin arxasında isə xalqın inamı və liderin qətiyyəti dayanır.
P.S.
Space TV-də çalışan gənc həmkarlarımızdan biri bir qədər əvvəl MEDİA-nın sorğusunun nəticələrini böyük sevinc hissi ilə mənə çatdırdı. Dedi ki, təcili olaraq paytaxt sakinləri arasında sorğu keçirib efir üçün süjet hazırlayacaq.
Gülümsəyərək soruşdum:
— Çatdıra biləcəksən?
Heç düşünmədən cavab verdi:
— Əlbəttə. Elə yaxınlıqdakı insanlardan müsahibə alacağam. Onsuz da cavabların mahiyyəti eyni olacaq. Çünki hər kəs Cənab Prezidenti sevir...
Bir anlıq düşündüm ki, sevgi zorla qazanılmır. Etimad göstərişlə yaranmır. Hörmət və inam yalnız zamanın ən sərt sınaqlarından alnıaçıq çıxanlara nəsib olur.
Bu gün Prezident İlham Əliyev təkcə Azərbaycanın Prezidenti deyil. O, milyonlarla azərbaycanlının inamının, qalib dövlətimizin qürurunun və müasir Azərbaycanın siyasi iradəsinin rəmzinə çevrilib. Xalqın ona olan etimadı ilə dünyanın ona göstərdiyi hörmət eyni nöqtədə qovuşur. Məhz buna görə də Azərbaycanın adı çəkiləndə artıq təkcə xəritədəki bir ölkə deyil, sözünün sahibi olan güclü dövlət və güclü lider təsəvvürü yaranır.
Sevgimiz də bol olsun, birliyimiz də. Çünki güclü dövlətin ən böyük dayağı xalqın öz liderinə olan sarsılmaz inamıdır.
Sahil Tahirli



































































































