İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Qalibaf eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür edib.
Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb və qeyd edib ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.
Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib. Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Bizim.Media

































































































