Ukrayna cari ilin aprel ayında İranda saxlanılan dörd dənizçisinin vətənə qaytarılmasına nail olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy jurnalistlərə açıqlamasında məlumat verib.
G. Tixiy bildirib ki, aprel ayında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir neçə gəmini və dənizçiləri saxlayıb. Həmin gəmilər arasında göyərtəsində Ukrayna vətəndaşı olan 4 heyət üzvünün yer aldığı "Epimonidas" konteyner gəmisi də olub.
Hadisədən dərhal sonra Ukrayna XİN-in Konsulluq Xidməti Departamenti və Ukraynanın Yunanıstandakı Səfirliyi dənizçilərin şəxsiyyətini müəyyənləşdirib, onların ailələri və gəminin yunanıstanlı sahibi ilə sıx təmas quraraq azad olunma yollarını araşdırıb.
"Həmin vaxtdan bəri Ukrayna tərəfi aidiyyəti olan bütün qurumlar və tərəflərlə aktiv və inadlı iş aparıb. Artıq böyük məmnuniyyətlə bildiririk ki, bu səylər müsbət nəticələnib. Dörd vətəndaşımız artıq İran ərazisini tərk edib", — deyə XİN rəsmisi qeyd edib.
Onun sözlərinə görə, hazırda ukraynalı dənizçilər təhlükəsiz şəraitdə, ailələrinin yanındadırlar və səhhətləri qənaətbəxşdir. Tixiy dənizçilərin qaytarılmasında əməyi keçən tərəfdaş ölkələrin diplomatlarına və gəmi sahibi olan şirkətə təşəkkür edərək, Ukrayna diplomatiyasının öz vətəndaşlarını heç vaxt darda qoymadığını vurğulayıb.
Bizim.Media
































































































