Türkiyə təhlükəsizlik qüvvələri paytaxt Ankarada sosial şəbəkələr vasitəsilə iyulun 7-8-də keçiriləcək növbəti NATO sammiti zamanı zorakılıq aksiyaları törətmək barədə göstərişlər verən İŞİD terror təşkilatının üzvünü zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Türkiyənin "NTV" telekanalının hesabatlarında yer alıb.
Məlumata görə, iyunun 23-də antiterror tədbirləri çərçivəsində paytaxtdakı evlərin birində xüsusi reyd keçirilib. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərən terrorçu yaralı halda ələ keçirilib. Xəstəxanaya yerləşdirilən İŞİD üzvü oradan qaçmağa cəhd göstərərkən ölüb. Atışma zamanı onun həyat yoldaşı da yaralanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daxil olmaqla, Alyansa üzv olan 32 ölkənin liderlərinin iştirak edəcəyi yüksək səviyyəli Ankara sammiti ərəfəsində Türkiyə hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini maksimum dərəcəyə çatdırıb.
Ankara Baş Prokurorluğunun qərarı ilə iyunun 23-də keçirilən genişmiqyaslı əməliyyatlar zamanı İŞİD və müxtəlif radikal sol qruplaşmalarla əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb.
Həmçinin Ankara Valiliyi sammit fonunda asayişin qorunması məqsədilə iyunun 28-dən etibarən şəhərdə bütün kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.
Bizim.Media


































































































