“Məlum olduğu kimi, təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi tədris prosesinə diqqətin yönəldilməsinə, təhsil mühitinə uyğun olmayan və diqqəti yayındıra biləcək vizual elementlərin minimuma endirilməsinə xidmət edir. Təhsil məsələlərində tətbiq olunan yanaşmalar cəmiyyətin qəbul etdiyi etik davranış normaları, milli-mənəvi dəyərlər və müasir təhsil prinsipləri ilə uzlaşmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, təhsil məsələsində geyimlərlə bağlı vahid yanaşmanın tətbiqi dünyanın bir çox ölkələrində qəbul edilmiş təcrübə olmaqla yanaşı, təhsil mühitində peşəkar atmosferin formalaşdırılmasının mühüm elementlərdən biri hesab olunur:
"Azərbaycan dövləti ümumitəhsil məsələlərində vahid yanaşmanın formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin əsas istiqamətlərindəndir. Vahid geyim tələbləri kollektivə aidlik, məsuliyyət və məktəb kimliyinin formalaşmasına müsbət təsir göstərir.
Məktəb təkcə bilik verən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin görünən təzahürlərinin qarşısını almağa, həmçinin, ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim məsələsi deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir".
Deputat vurğulayıb ki, təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət olunması bütün şagirdlər və valideynlər üçün vacibdir:
"Məktəb müəllimlərinin vahid tələblərə uyğun geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət təsirləri vardır. Şagirdlər vahid məktəbli formasını geyinirlərsə, müəllimlər üçün də müəyyən edilmiş geyim tələbləri məktəbin ümumi korporativ mədəniyyətinin tərkib hissəsi, daxili qaydalara hörmətin göstəricisi kimi qəbul edilməlidir.
Müəllimin geyimi onun peşə fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda onlarda geyim mədəniyyətinə, üsluba və müxtəlif situasiyalara uyğun geyim seçilməsinə dair düzgün təsəvvür formalaşdırmalıdır. Təhsil müəssisəsində tətbiq olunan qaydaların səmərəli icrası məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsini tələb edir. Valideynlərin həmin prosesə dəstəyi uşaqların və məktəb mühitinə uyğunluq adaptasiyasınıa mühüm töhfə verir".
Günay Şahmar, Bizim.Media





























































































