Vaşinqton və Tehran müharibənin dayandırılması barədə razılığa gəliblər, indi tərəflər sənədləri imzalamalıdırlar.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib:
"Biz indicə İranla müharibənin dayandırılması barədə əla razılaşmalar əldə etdik. Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu, bir neçə gün ərzində edilməlidir".
Trampın sözlərinə görə, sazişin imzalanması artıq yaxın həftəsonu mümkündür. Bu, vitse-prezident Cey. Di. Vensin olacağı Avropada baş verə bilər.
MÖVZU İLƏ BAĞLI:
Trampdan yeni HÜCUMUN ANONSU – “Xarq adasını ələ keçirəcəyik” – FOTO
Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev rəhbəri "Truth Social" hesabında İranla sazişin yekun bəndlərinin prosesdə iştirak edən bütün tərəflərlə razılaşdırıldığını yazmışdı. Lakin "Fars" agentliyi Tehranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb ki, İslam Respublikası münaqişənin başa çatması haqqında hər hansı saziş mətnini hələlik bəyənməyib.
Tramın 38-ci bəyanatı
Trampın son bəyanatı nə qədər maraqla qarşılansa da bir o qədər təəccüb doğurub. Çünki ABŞ Prezidenti Donald Tramp azı 37 dəfə rəsmi Vaşinqtonla Tehran arasında tezliklə sülh və ya nüvə sazişinin bağlanacağını kütləvi şəkildə bəyan edib.
Bu barədə hesablamaları Amerikanın CNN telekanalı təqdim edib.
Telekanalın məlumatına görə, bu tipli bəyanatlar prezidentin sosial şəbəkə hesablarında, kütləvi çıxışlarında və media üçün şərhlərində səsləndirilib.
Həmin çıxışlarda Tramp ya sazişin çox yaxın olduğunu iddia edib, ya da İranın bu müqaviləni bağlamaqda maraqlı olduğunu vurğulayıb.
CNN qeyd edir ki, ABŞ lideri tərəfindən bu qəbildən olan ilk bəyanat ötən ilin martın 23-də səsləndirilib. Sonuncu oxşar bəyanat isə iyunun 8-də — İran və İsrail arasında gərginliyin növbəti dəfə artması və ardınca atəşkəsin əldə olunması fonunda baş tutub. Belə ki, Tramp seçiciləri qarşısında çıxışı zamanı ABŞ-ın iki həftə ərzində İrana qarşı "tam qələbə" elan edəcəyini və yekun sazişin əldə olunacağını iddia edib.
Təbii ki, bu mənada həm son, həm də əvvəlki bəyanatlar reallığı əks etdirmir.
Bəs bu bəyanatlar nə üçün verilir?
Ağ Ev rəhbərinin tez-tez "saziş hazırdır" mesajı verməsi birbaşa qlobal maliyyə və neft bazarlarına təsir göstərmək cəhdləridir.
Məlumdur ki, istənilən iri miqyaslı münaqişə qlobal bazardakı hərəkətliliyə təsir edir. Bu mənada Tramp qlobal bazara təsir imkanlarını əlində saxlamaq üçün hər dəfə fərqli fikirlər səsləndirir.
Nəzərə alaq ki, Tramp prezident olmaqla yanaşı həm də biznesmendir və onun böyük biznes imperiyası var. Bu biznes şəbəkəsi müxtəlif sahələrlə yanaşı kriptovalyutanı da əhatə edir. Trampın səsləndirdiyi hər bir bəyanat neft-qazın, qiymətli daşların və hətta kriptovalyutaların qiymətinə ciddi şəkildə təsir edir.
Ona görə də Trampın bəyanatlarının siyasi yox, iqtisadi hədəfləri var. Hər bəyanatdan sonra onun biznes imperiyası sürətlə böyüyür. Üstəlik onun çevrəsində də kifayət qədər milyarder var. Tək bir faktı deyək ki, İlon Mask Trampın hakimiyyətə gəlməsinə qədər dünyanın ən varlı insanı uğrunda mübarizə aparırdı. Lakin Trampın hakimiyyətə gəlişindən ötən 1,6 il ərzində Mask 800 milyard dollar qazanc əldə edərək dünyanın ilk trilyonçusu olub və hər kəs bilir ki, Trampın seçki kampaniyasının əsas maliyyəçisi Mask olub.
Bu mənada Tramp hər bəyanatı ilə qlobal bazarlara təsir edərək həm öz biznesini böyüdür, həm də dostlarının “dəyirmanına su tökür”.
Bəs ABŞ-la İran arasında razılaşmanın rəsmiyyətə köçürülməsi nə qədər realdır?
Hadisələrin inkişafı və ABŞ-İran münasibətləri göstərir ki,bu iki ölkə arasında hansısa razılaşmanın imzalanacağı real görünmür.
Bunun həm də siyasi səbəbləri var.
Nəzərə alaq ki, Yaxın Şərqdəki gərginlik rəsmi Vaşinqtonun maraqlarına tam uyğundur. Bu hətta molla rejimini də qane edir.
Əgər Amerika bu gərginlik hesabına qlobal bazara və dünya siyasətinə öz diqtəsini edə bilirsə, İran da vəziyyətdən istifadə edərək yaxın qonşularının və rəqiblərinin iqtisadi durumunu zəiflədir.
Yada salaq ki, fevralın 28-ə qədər əksər ərəb ölkələri, o cümlədən Səbudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və digər ölkələr sabit inkişaf yolunu tutmuşdu. Amma ABŞ-İran münaqişəsi başlayandan sonra bütün ərəb dövlətlərində iqtisadi nizam pozulub və bütün ərəb dövlətlərinin ticari dövriyyəsi böyük ölçüdə ziyan görüb, kiçilib. Ən əsası bir çox ölkələrin imici ciddi xələl görüb. Məsələn son 2 ayda hər kəs Dubaydan biznesini digər ölkələrə daşımaq istəyir. Digər mərkəzi şəhərlər də bu vəziyyətdədir.
Bu reallıqsa İranın maraqlarına tamamilə uyğundur. Üstəlik yaranmış vəziyyətdən istifadə edən rəsmi Vaşinqton ərəb dövlətlərinə istədikləri şərtləri diqtə edə bilir. Etiraz etmək istəyən ixtiyari ərəb dövləti isə anındaca İranın hərbi hədəfinə çevrilir.
Tək bir faktı deyək ki, son 2 gündə İran 4 ərəb dövlətinə hava zərbələri endirib.
Ona görə də deyilənlərə və yazılanlara baxmayaraq ABŞ-la İran arasında hər hansı bir sülh razılaşmasından söhbət gedə bilməz.
Surxay Atakişiyev, Bizim.Media



































































































