İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb.
"Azərbaycan parlamentində olmaqdan məmnunluğunu ifadə edən TBMM-in Müraciət komitəsinin sədri Sunay Karamık parlamentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi, qanunverici orqanların aidiyyəti komitələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb", – məlumatda bildirilib.
O, Türkiyə parlamentində vətəndaşlardan daxil olan ərizə, şikayət və müraciətlərin araşdırılması istiqamətində görülən işlərdən, vətəndaş məmnuniyyətinin artırılması mexanizmlərindən söhbət açıb.
Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, TBMM-in Müraciət komitəsinin sədr müavini Ahmet Salih Dal, komitənin üzvləri Ahmet Baran Yazgan, Abdürrahim Dusak, Ahmet Ersagun Yücel, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi, habelə qanunvericilik fəaliyyətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.
Həmçinin, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün və digər rəsmi şəxslər iştirak ediblər.


Bizim.Media




































































































