İsveçrə parlamentinin bir qrup üzvü və bu ölkədə fəaliyyət göstərən "Beynəlxalq Xristian Həmrəyliyi" (CSI) qeyri-hökumət təşkilatı bağlanmış Qarabağ mövzusunu yenidən beynəlxalq gündəmə gətirmək üçün genişmiqyaslı kampaniyaya başlayıb. Lakin bu kampaniya bölgədə maraqlı bir ilkə imza atıb — rəsmi Bakı ilə yanaşı, İrəvan da bu təxribata qarşı eyni cəbhədən reaksiya verib.
Bizim.Media xəbər verir ki, formallıq baxımından kampaniya İsveçrədən idarə olunsa da, onun arxasında dayanan xarici gücü təxmin etmək çətin deyil.
Təşəbbüsə qoşulan siyasi qüvvələrin siyahısı hər şeyi aydın göstərir:
Robert Köçəryanın "Ermənistan" bloku (daşnaklar daxil olmaqla);
Qarabağ ermənilərinin "xüsusi statusla" geriyə qayıtmasını tələb edən "Ayakve" mülki birliyi;
Kremlin nəzarətində olan eks-deputat Andranik Tevanyanın "Ana Ermənistan" partiyası;
Rusiya kəşfiyyatı ilə əlaqələri ifşa olunmuş şəxslərdən ibarət "Milli Demokratik Qütb";
Serj Sarkisyanın Respublikaçılar partiyası və Bütün Ermənilərin Katalikosu II Qaregin (hansı ki, Paşinyan onu "DTK agenti" adlandırmışdı).
Ermənistanda iyun seçkiləri ərəfəsində hakimiyyət uğrunda mübarizə aparan bu qüvvələri baş nazir Nikol Paşinyan "üçbaşlı müharibə partiyası" adlandırır. Aprelin 30-da isə Qarabağdan getmiş separatçıların nümayəndələri İsveçrə parlamentində olub, layihəni dəstəkləyən deputatlarla görüşüblər.
Ötən il bu lobbi fəaliyyətlərinin nəticəsi olaraq İsveçrə parlamentinin aşağı palatası Azərbaycanın ərazi bütövlüyünə qarşı qətnamə layihəsi qəbul etsə də, Bakının kəskin etirazından sonra sənəd rədd edilmişdi. Azərbaycan rəsmi Bernə bu cür təxribatların sülh prosesinə zərbə vurduğu barədə dəfələrlə xəbərdarlıq edib.
İndi isə Bakının bu mövqeyini rəsmi İrəvan da dəstəkləyib. Ermənistan hökuməti İsveçrə Xarici İşlər Nazirliyinə rəsmi məktub göndərərək regionda sülh prosesini baltalayan bu təxribat xarakterli kampaniyanın dayandırılmasını tələb edib və bu təşəbbüsü "arzuolunmaz" adlandırıb.
Məktubun mövcudluğu İsveçrənin CSI təşkilatının bəyanatından sonra üzə çıxıb. Təşkilat Ermənistanın hakim partiyasının seçki ərəfəsində Qarabağ ermənilərinin "maraqlarını müdafiə etməkdən" imtina etməsindən və faktiki olaraq "Azərbaycanın tərəfinə keçməsindən" ciddi narahatlığını ifadə edib.
Qeyd edək ki, srmənistanda seçkiöncəsi kampaniya olduqca gərgin keçir və revanşistlər Paşinyana qarşı əsasən Qarabağ mövzusundan istifadə edirlər. Bu günlərdə İrəvan küçələrindən birində Qarabağdan olan Artur Osipyan adlı şəxslə baş nazir arasında kəskin mübahisə düşüb.
Həmin an əsəblərini cilovlaya bilməyən Paşinyan meqafonu götürərək bəyan edib:
"Ermənistandakı qondarma Qarabağ elitasının, o cümlədən özlərini “parlament” adlandıran separatçı qrupun ofisi də daxil olmaqla bütün yuvalarını darmadağın edəcəyəm!".
Baş nazir Qarabağ mövzusunu yenidən qaldırıb sülhü pozmaq istəyənləri "fərarilər və xainlər" adlandırıb. Hadisədən sonra Paşinyanı "Qarabağı təslim etməkdə" ittiham edən A.Osipyan polis tərəfindən saxlanılıb.
Paşinyan bir daha vurğulayıb ki, 1980-ci illərin sonunda "Qarabağ hərəkatı"nın başlamasının özü tarixi bir səhv idi və bu, ölkəni onilliklər boyu başqalarının maraqlarını təmin edən bir alətə çevirdi. Lakin görünən odur ki, Ermənistanı keçmişə qaytarmaq istəyən daxili revanşistlərlə yanaşı, Rusiya və İsveçrə də daxil olmaqla bəzi Qərb ölkələrindəki lobbi qrupları hələ də bu prosesi qızışdırmaqda davam edir.
Bizim.Media
































































































