Milli Məclis Azərbaycanla Efiopiya arasında sazişi təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.
Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.
Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur.
Sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.
Sazişdə həmçinin maliyyə məsələləri, məlumatların mübadiləsi, mühafizəsi, intizam prosedurları fövqəladə hallar və digər mühüm istiqamətlərə və məsələlərə dair müddəalar da əks olunub.
Sazişin digər müddəaları onun qüvvəyə minməsinə dair zəruri dövlətdaxili prosedurları, Sazişin ləğvi və digər məsələləri tənzimləyir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media


































































































