Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Hazırda oxunan: Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

609436

“Prezident Zelenskinin Azərbaycana səfəri həm Ukrayna, həm də Azərbaycan üçün uğur idi. Xatırlatmaq istərdim ki, Prezident Zelenskinin 2019-cu ildə, yəni prezident seçildikdən sonra xarici ölkəyə etdiyi ilk dövlət səfərlərindən biri məhz Azərbaycana olmuşdu. Bu isə çox simvolikdir, çünki Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də çox dost ölkədir. Xüsusilə Azərbaycan xalqı Ukraynanı sevir və dəstəkləyir. Onlar Ukraynanın həqiqi dostlarıdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının keçmiş vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri Komitəsinin sədri Aleksandr Merejko deyib.

Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfərini şərh edən diplomat, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyinə diqqət çəkib:

“Siz Prezident Zelenski ilə Prezident İlham Əliyevin şəkillərinə baxsanız, onların gülümsədiyini görə bilərsiniz. Bu, təkcə iki ölkə liderinin görüşü deyil, həm də dostların görüşüdür. Bu bizim üçün çox vacibdir, çünki Azərbaycanla belə ünsiyyət və dostluq bizə enerji verir. Biz bilirik ki, Azərbaycana arxalana bilərik”.

Merejko qeyd edib ki, Azərbaycanın özü də mürəkkəb geosiyasi vəziyyətdədir. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanda insanlar Ukraynanı dəstəkləyirlər:

“Vacib məqamlardan biri də budur ki, Azərbaycanda Rusiya təbliğatı yoxdur. Bu səbəbdən bu, sadəcə Ukrayna Prezidentinin xarici ölkəyə adi rəsmi səfəri deyil. Bu, çox dost ölkəyə edilən səfərdir və xalqlarımız, həmçinin prezidentlərimiz arasında dostluğu gücləndirir”.

Diplomat əlavə edib ki, Ukrayna həmçinin Rusiya ilə danışıqları üçün rəsmi Bakının səylərini dəstəkləyir və liderlərin Azərbaycanda sülh axtarışına dəstək verir:

“Danışıqlara gəlincə, bəli, niyə də yox? Azərbaycan belə bir məkan ola bilər. Çünki biz artıq Türkiyədə, İstanbulda danışıqlar keçirmişik, İsveçrədə danışıqlar keçirmişik və Azərbaycan da sülh danışıqları üçün belə bir platforma ola bilər. Amma eyni zamanda əsas məsələ məkan, danışıqların keçiriləcəyi yer deyil. Əsas məsələ budur ki, Rusiya, Putin ciddi və səmimi danışıqlar aparmaq istəmir”.

Merejko qeyd edib ki, hazırda əsas məsələ Rusiya liderini danışıqlara necə məcbur etməkdir:

“Putini danışıqlara məcbur etmək isə yalnız Rusiyaya, xüsusilə də Rusiya iqtisadiyyatına maksimum təzyiq göstərməklə mümkündür ki, sülh yaxınlaşsın və ciddi danışıqlar başlasın, imitasiya yox. Çünki Putin hazırda Trampın sanksiyalarından yayınmaq üçün danışıqları imitasiya etməyə çalışır. Amma ciddi danışıqların olması üçün Ukrayna ordusuna daha çox dəstək, hərbi yardım verilməlidir və Rusiyaya, eləcə də Rusiyanın müttəfiqlərinə qarşı daha çox sanksiyalar tətbiq olunmalıdır”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin