Ermənistan parlamentinin spikeri Alen Simonyan aprelin 17-si İstanbulda azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib, tərəflər arasında fikir ayrılıqlarının olmadığını qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Simonyan Azərbaycanın "Real TV" telekanalına bildirib.
"Görüş (Sahibə Qafarova ilə - red.) yaxşı keçdi. Bizim heç bir fikir ayrılığımız olmadı. Siz təəccüblənə bilərsiniz, lakin fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma, əməkdaşlıq və gələcək əməkdaşlıq üçün planlar var. Müzakirələr zamanı heç bir əngəlimiz yoxdur və ümid edirəm ki, olmayacaq", - o deyib.
Bakı ilə İrəvan arasında ticari-iqtisadi əlaqələrin qurulması ilə bağlı sualı cavablandıran Simonyan qarşılıqlı ticarətin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
"Mən çoxdandır bu barədə deyirəm: ticarət aparmalıyıq. Düşünürəm ki, bu əməkdaşlığı genişləndirməliyik. Bildiyim qədəriilə, sahibkarlar, hökumətlər və müvafiq strukturlar artıq bu istiqamətdə işləyirlər və bu çox yaxşıdır. Hər iki ölkənin maraqları naminə bu işi davam etdirmək və dərinləşdirmək lazımdır", - o əlavə edib.
Simonyan, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.
Bizim.Media





























































































