Rusiya İctimai Palatasının üzvü, keçmiş deputat, politoloq Sergey Markov Azərbaycan jurnalistləri üçün mətbuat konfransını keçirib.
Moderator.az-ın
məlumatına görə, S.Markov əvvəlcə bu
yaxınlarda Rusiyanın bir sıra şəhərlərində keçirilən mer seçkiləri barədə məlumat
verib, seçkilərdə əldə olunan nəticələr barədə danışıb.
S.Markov
daha sonra əlavə edib ki, İctimai Palatanın müşahidəçilər missiyası
Azərbaycanda keçiriləcək prezident seçkilərdə müşahidələr aparacaq. Rusiya və
Azərbaycanın seçki proseslərində olan fərqlər barədə danışan politoloq bildirib
ki, Azərbaycanda yeni nəsil siyasətçilərin və seçicilərin formalaşması baş
tutmayıb: “Azərbaycanda indi mövcud olan müxalifət Xalq Cəbhəsinin bir növ
reinkarnasiyasıdır və xalqın onlarla bağlı xoş olmayan xatirələri qalıb. Azərbaycan
müxalifəti böhran yaşayır. Yeniliklər yoxdur, köhnə kadrlar qalıb. Milli Şura
yaratmaqla onlar buna müxalifətin birləşməsimi deyirlər? Bu yalandır. Onlar öz
partiya strukturunu, zəif olan namizədləri seçirlər, çünki güclü lider
istəmirlər”.
Rusiya
prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də toxunan S.Markov bildirib
ki, V.Putinin səfəri uğurlu olub: “Bu səfər göstərdi ki, ortada heç bir problem
yoxdur. Səfər əlaqələri daha da möhkəmləndirdi”.
Rusiyanın
Qəbələ RLS-i tərk etməsi ilə bağlı sualı cavablandıran politoloq deyib ki,
Rusiyanın artıq daha güclü Armavir RLS-i var: “Qəbələ RLS ilə bağlı məsələni
unutmaq lazımdır. Qəbələ RLS Azərbaycanla Rusiya arasında bir növ dostluq
simvolu olub. V.Putinin səfər zamanı “Rosneft” və hərbi-texniki əməkdaşlıqla
bağlı sazişlər imzalanıb, bu da iki ölkə arasında əməkdaşlığın yeni və daha
vacib simvollarına çevrilib”.
Son
vaxtlar miqrantlara qarşı tədbirlərin görülməsi nəticəsində qonşu ölkələrlə
viza rejiminin tətbiqinin mümkünlüyünə münasibət bildirən S.Markov deyib ki, o,
vizaların tətbiq edilməsinə qarşıdır: “Biz Rusiyaya gəliş-gedişin xarici
pasportlar əsasında olan mexanizmini tətbiq etmək istəyirik, bu isə nəzarəti
gücləndirəcək. Sərhəddə gömrükçülərin və sərhədçilərin sayı nə qədər az olsa,
daha yaxşıdır. Miqrantlara gəlincə, düşünürəm ki, 1000 miqrantı saxlamaq
əvəzinə, qanunsuz miqrasiya üçün şərait yaradan 5 biznesmeni saxlamaq daha
yaxşı olardı”.








































































































