“Müxalifətdən heç kimi özümüzə rəqib hesab eləmirik”
Həsrət Rüstəmov: “Əsas rəqibimiz hakimiyyətin namizədi İlham Əliyev olacaq”
ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlunun namizədliyinin MSK tərəfindən qeydə alınmasından sonra ADP sədrinin seçki qərargahı öz fəaliyyətini bir qədər də intensivləşdirib. S.Cəlaloğlunun prezidentliyə gedən yolunda ilk maneəni uğurla dəf edən və birinci mərhələni geridə qoyan seçki qərargahı hazırda təbliğat mərhələsinə hazırlaşmaqdadır. Seçki qərargahının hazırda hansı məsələlər üzərində çalışdığı, öz işini hansı şəkildə qurduğu və yaxın gələcəklə bağlı hansı gözləntilərə sahib olduğunu aydınlaşdırmaq üçün ADP sədrinin I müavini, ADP namizədinin seçki qərargahının rəhbəri Həsrət Rüstəmova müraciət etdik.
- Həsrət bəy, öncə seçki qərargahının mövcud fəaliyyəti və hazırlıq səviyyəsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Seçki qərargahı olaraq özünüzü qarşıdakı seçkilərə tam hazır hesab edirsinizmi?
- Əvvəla onu deyim ki, bizim seçki təcrübəmiz var. Seçki kampaniyasını təşkil etmək, seçkilərdə iştirakla bağlı nəzəri və praktiki hazırlıq baxımından böyük problemlərimiz yoxdur. Baxmayaraq ki, hər seçki kampaniyasının özü yeni bir hadisədir və burada həm yeni adamlar, həm yeni ideyalar, həm də yeni yanaşmalar mövcud olmalıdır. Bizim yetərincə baza təcrübəmiz mövcuddur. Bu səbəbdən də seçki kampaniyası təşkil etmək bizim üçün çox da böyük problem deyil. Bizim Mərkəzi Seçki Qərargahında, o cümlədən yerli seçki qərargahındakı insanlar bir neçə seçkini təşkil edən, bu sahədə ciddi təcrübəyə malik insanlardır. Onların siyasi təcrübəsi kifayət qədərdir. Bu baxımdan hər şey qaydasındadır.
- Üzləşdiyiniz hansısa problem və çətinliklər necə, varmı?
- Bizim problemlərimiz insan resursu baxımından deyil, maliyyə və vaxt resursu baxımındandır. Bildiyiniz ki, seçki kampaniyasını qanuna edilən müvafiq dəyişikliyə əsasən 4 aydan 2 aya endirdilər. Bu isə öz növbəsində demək olar ki, yarıbayarı vaxt imkanlarını azaltdı. Seçki kampaniyasına da gec qoşulmağa məcbur olduq. Çünki müxalifət daxilində müəyyən məsələlər aydınlaşmamışdı. Partiya daxilində də qərar qəbul etmək imkanları az idi. Bəzi yoldaşlarımızda müəyyən tərəddüdlər mövcud idi. Obyektiv və subyektiv səbəblərdən bu kampaniyaya qatılmağa gecikdik. Onsuz da dar olan vaxt bizim üçün daha da daraldı.
- Lakin bununla belə imzatoplama kampaniyasını uğurla başa çatdırmağı bacardınız...
- Bəli. Bizim imza kampaniyasını başa çatdırmağımızın özü bizim üçün ilk pozitiv addım idi. Çünki vaxtımız həddindən artıq az idi. Bizim təcrübəmiz, insan resurslarımız olmasaydı, biz bunun öhdəsindən gələ bilməyəcəkdik. 9 gün ərzində 40 mindən artıq imza toplamaq o qədər də sadə bir məsələ deyil. Üstün tərəflərimiz təcrübəmizin olması, insan resurslarımızın bolluğu, üzvlərimizin hazırlıqlı olmasıdır. Seçki kampaniyamızda yer alan insanların hamısı hazırlıqlı şəxslərdir və onlara xüsusi olaraq hansısa kurs keçmək, məxsusi olaraq nəyisə başa salmağa ehtiyac yoxdur. Mənfi tərəfi isə vaxt resursu və maddi imkanların azlığıdır. Onu da qeyd edim ki, bizim qazandığımız biliklər yalnız öz təcrübəmiz deyil. Bunların arasında Avropa və Amerika təcrübəsi də var. Bu təcrübələrin öyrənilməsi baxımından Amerikanın Milli Demokratiya İnstitutunun, habelə Respublikaçılar İnstitutunun son 10-15 il ərzində Azərbaycanda keçirdikləri seminarlar böyük rol oynadı. Bu qurumlar tərəfindən keçirilən tədbirlərdə iştirak etmək bizə bu məsələdə çox böyük biliklər qazandırıb. Bu baxımdan mən hər iki instituta bu xidmətlərinə görə təşəkkür etməyi zəruri hesab edirəm. Təbii, seçki kampaniyası dövründə inzibatı maneçiliklər də oldu. Bir çox rayonlarda ADP namizədi üçün imza toplayan şəxslərin fəaliyyətinə maneçiliklər yaradıldı. Amma bizim MSK-ya ünvanladığımız şikayətlərdən sonra onlar aradan qalxdı. Lənkəran və Bakının bəzi rayonlarında sahə müvəkkilləri, yerli icra nümayəndələri üzvlərimizin fəaliyyətinə maneçilik törətmək istəyirdi. Hətta bir neçəsi ilə biz özümüz əlaqə saxladıq və gördük ki, bu insanları başa salmaq mümkün deyil. Buna görə də MSK-nı işə qatmağa məcbur olduq. Lakin əvvəlki illərdə olduğu kimi kampaniyamıza ciddi şəkildə zərbə vuracaq hadisələr olmadı. Bu məsələdə həm bizim əvvəlki təcrübələrimiz rol oynadı, həm də hakimiyyətin ciddi maneçilik yaratmaq istəyinin olmaması həlledici amil oldu.
- ADP niyə məhz Sərdar Cəlaloğlunun namizədliyi üzərində dayandı? Doğrudanmı partiyada prezidentliyə namizəd olacaq başqa bir şəxs yox idi?
- ADP-nin prezident seçkiləri üçün uzun illərdir ki, yetişdirdiyi namizəd məhz Sərdar Cəlaloğludur. Bu baxımdan söhbət ADP-nin prezident seçkilərində təkbaşına iştirakından gedirsə, ADP bu seçkilərə başqa bir namizədlə qatıla bilməzdi. Yəqin sizi həm də bu düşündürür ki, niyə biz seçkidə iştirak məsələsinə uzunmüddətli tərəddüddən sonra qərar verdik. Bizim fikrimizcə, uğur qazanmağın yolu müxalifətin birliyindən keçirdi. Hamıdan öncə biz məhz bu ideyanı səsləndirmişdik. Müxalif partiya yetkililərinin namizəd məsələsində bir-birinə güzəştə getmədiyi bizə məlum olduğundan biz bu namizədin ziyalılardan birinin arasından seçilməsini istəyirdik. Bu baxımdan ADP Rafiq Əliyevin namizədliyini daha məqbul hesab edirdi. Bununla bağlı xeyli ictimai təbliğat işi də aparmışdı. Mən bu gün də bu qənaətdəyəm ki, bizim təklif etdiyimiz variant ən optimal və daha çox uğur vəd edən yol idi. Biz bu istiqamətdə çox çalışdıq və vaxt resursumuzun böyük bir qismini buna sərf etdik. Təəssüf ki, bizdən asılı olmayan səbəblər ucbatından buna nail ola bilmədik. Hətta bizi müxalifətin koialisiyasının yaradılması prosesindən şüurlu şəkildə kənarda saxladılar. Çünki bizim ideyalar bəlli idi. Bizim ideyalar yeni müxalif koalisiyanın baxışları ilə ziddiyyət təşkil edirdi. Buna görə də ADP vaxt baxımından ciddi itkiyə məruz qaldı.
- Seçkiöncəsi demokratik vəziyyətin heç də ürəkaçan olmadığı hər kəsə bəlidir. Lakin buna baxmayaraq digər müxalif partiyalar kimi ADP də öncədən məğlubiyyət vəd edən şərtlər altında mübarizəyə girməyi qərara alıb. Sizcə bunca ağır şərtlər altında qalib gəlmək mümkün olacaqmı? Əgər olmayacaqsa, o zaman seçki prosesində iştirak etmək nəyə lazımdır?
- Seçkilərə qatılmaq siyasi partiyanın əsas vəzifəsidir. Seçki heç də yalnız ciddi hakimiyyət dəyişikliklərinə imza atmaq vasitəsi deyil. Seçki həm də siyasi partiyanı təbliğ etmək, onun proqramını xalqa çatdırmaq, gələcək siyasi nailiyyətlər üçün zəmin hazırlamaq və s. üçündür. Biz bu baxımdan hesab etdik ki, ADP-nin seçki prosesinə qatılması zəruridir. Müxalifətin böyük birlik koalisiyasının iflasa uğradığını anlayandan dərhal sonra mən ADP-nin seçkilərə S.Cəlaloğlunun namizədliyi ilə qatılmasını vacib hesab etdim. Partiya da bununla bağlı öz qərarını verib və hesab edirəm ki, bu, çox düzgün qərardır.
- Xalqa ADP olaraq nə vəd edirsiniz? Xalq ADP namizədinə niyə, hansı səbəbdən səs verməlidir?
- Biz demokratiyaya yumşaq keçidin tərədarıyıq. Biz islahatların tərəfdarıyıq. Biz sürətli yeniləşmənin tərəfdarıyıq. Biz liberal-demokratik dəyərlərin bərqərar olmasının tərəfdarıyıq. Biz Qərbə inteqrasiyanın tərəfdarıyıq. Bizim bu və digər baxımdan başqa kampaniyalardan, namizədlərdən ciddi fərqlərimiz mövcuddur. Bunları xalqa tanıtmaq, beynəlxalq ictimaiyyətə təqdim etmək, Azərbaycan xalqının buna münasibətini öyrənmək baxımından seçkilərə ayrıca qatılmağımızın xüsusi önəmi mövcuddur. Bizim seçkidə iştirakımızın əsas səbəblərindən biri də bununla bağlıdır.
- Seçki prosesi ilə bağlı lazımi şüarların müəyyənləşməsi prosesi başa çatıbmı?
- Şüarlar müəyyələşdirilir. Bu proses hələ ki davam edir. Biz təbliğat materiallarını demək olar ki, yekunlaşdırmışıq. Seçkinin mövzusu yeniləşmə və islahatlardır. Bizim bu seçkidə xalqa söyləmək istədiyimiz həqiqət ondan ibarətdir ki, Azərbaycan xalq vəziyyətini yaxşılaşdırmaq istəyirsə, yeniliyə can atmalıdır, özü də dəyişməlidir. Xalq parlamenti də, hakimiyyəti də dəyişdirməyə çalışmalıdır. Biz buna inqilabi yolla deyil, islahatlarla nail olmaq niyyətindəyik. Onsuz da Azərbaycan xalqı inqilaba dəstək vermədi. Təbii ki, söhbət silahlı inqilablardan deyil, demokratik inqilabdan gedir. Biz buna dəfələrlə şahid olduq. Azərbaycan xalqı kəskin siyasi dəyişiklikləri dəstəkləmədi. Amma sürətli islahatlarla vəziyyətdən çıxmaq arzusu hiss edilməkdədir. Başqa sözlə desək, islahatlar sürətli şəkildə aparılmalı, onların imitasiyasından imtina etmək lazımdır. Həqiqi, real, sürətli islahalarla vəziyyəti dəyişə bilərik. Bizim xalqa vermək istədiyimiz mesaj bundan ibarətdir. Azərbaycan xalqı sürətli islahatlarla, yeniləşmələrlə vəziyyətdən xilas ola bilər.
- Müxalif namizədlər arasında kimi ADP namizədinə daha ciddi rəqib hesab edirsiniz?
- Biz müxalifətdən heç kimi özümüzə rəqib hesab eləmirik. Hesab edirəm ki, biz eyni sözü deyəcəyik. Əsas rəqibimiz hakimiyyətin namizədi və hakimiyyətin namizədini dəstəkləmək ehtimalı olan namizədlərdir. Uzun illərdir ki, hakimiyyətdə olan iqtidarın bunca müddət ərzində xalqa verdiyi müsbət mesajlar yox dərəcəsindədir. Ən zəif hakimiyyət belə bunca il ərzində bundan bir neçə dəfə artığını edə bilərdi. Hakimiyyət bu imkanı əldən verib. Eyni zamanda bir sıra kobud səhvlərə yol veriblər. Ölkədəki iqtisadi-siyasi vəziyyət, xarici siyasət və Avropaya inteqrasiya ilə bağlı vəziyyət də buna sübutdur. Buna görə də bizim proqramımız hakimiyyət namizədinin proqramına alternativ olacaq. Əsas rəqibimiz də hakimiyyətin namizədi İlham Əliyev olacaq.
Seymur Əliyev
(“Hürriyyət” qəzeti)







































































































