Xocalı qatili, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı prokurorluğun təqdim etdiyi vəsatətin nə vaxt müzakirə olunacağı açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bu məsələyə sabah saat 15:00-da baxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "News.am" saytı MSK-nın rəsmi internet səhifəsinə istinadən yayıb.
Qeyd olunur ki, prokurorluq Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan, həmçinin deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyana qarşı cinayət təqibinə başlanılması üçün icazə verilməsi barədə MSK-ya vəsatət təqdim edib.
Məlumat üçün bildirək ki, Ruslan Barseqyan "Ermənistan" blokunun seçki siyahısında 62-ci, Asatur Koçaryan isə 154-cü yerdə qərarlaşıb.
Məsələ ilə bağlı Ermənistanın ikinci prezidentinin ofisi rəsmi bəyanat yayaraq, baş verənləri sərt tənqid edib. Ofisdən bildirilib ki, bu addım iki gün əvvəl hava limanında baş vermiş qanunsuzluğun birbaşa davamıdır:
"Əslində, iki gün öncə İstintaq və Antikorrupsiya komitələri hər hansı cinayət işinin olmadığını bəyan etmişdilər. Deməli, prezidentin ölkədən çıxışına birbaşa cinayət törədilərək qanunsuz məhdudiyyət qoyulmuşdu. Bu gün isə hökumətin tabeçiliyində olan prokurorluq hansısa saxta iş “tikərək” MSK-ya müraciət edib".
Bizim.Media































































































