Türkiyənin Düzce şəhərində yaşayan təqaüdçü müəllim Sefa Konca 5 ildir ipəkqurdu yetişdirməklə məşğul olur. O, ildə təxminən 200 kiloqram barama istehsal edərək həm əlavə gəlir əldə edir, həm də bu işi böyük həvəslə davam etdirir.
Bizim.Media xəbər verir ki, uzun illər müəllim kimi çalışan Konca, təqaüdə çıxdıqdan sonra boş vaxtını səmərəli dəyərləndirmək üçün ipəkqurdu yetişdirməyə başlayıb. Qısa müddətdə bu sahənin incəliklərini öyrənən Konca, həyat yoldaşı Ayşe Koncanın da dəstəyi ilə istehsalı genişləndirib.
Düzce Vilayət Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin təqdim etdiyi dəstəklərdən faydalanan Konca, may və iyun aylarında evinin həyətində qurduğu 15 kvadratmetrlik sahədə ipəkqurdu yetişdirir. Dövlət tərəfindən yumurtalar təmin olunur, istehsal olunan baramalar isə satın alınaraq satış problemi aradan qaldırılır. Konca ildə orta hesabla 200 kiloqram barama əldə etdiyini bildirib.
O, proses barədə danışaraq deyib: “Qurdları bir ay boyunca tut yarpağı ilə bəsləyirik. Son 10 gündə barama toxumağa başlayırlar və bütün iş təxminən 40 günə tamamlanır. Çox diqqət tələb edir, amma çətin deyil. Sanki gündə üç dəfə yemək verirsən.”
Uzun illər müəllimlik təcrübəsini bu fəaliyyətlə müqayisə edən Konca, ipəkqurdu yetişdirməyin həm sadə, həm də planlı bir iş olduğunu vurğulayıb. O bildirib ki, dövlət həm yumurtanı təmin edir, həm də baramanı alaraq satış problemini aradan qaldırır.
Konca həmçinin qeyd edib ki, proses yüksək gigiyena tələb edir və qurdlar siqaret, spirt və hətta ətir qoxusuna qarşı həssasdır.
Bizim.Media
































































































