Paşinyan: "Təsəvvür edin ki, biz Azərbaycana gedirik"

Hazırda oxunan: Paşinyan: "Təsəvvür edin ki, biz Azərbaycana gedirik"

618687

Ermənistan Baş naziri Nikol Paşinyan gələcək regional infrastrukturun əsas elementlərinin dəmir yolları, avtomobil magistralları və elektrik xətləri olacağını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, bu üç istiqamətin reallaşdırılması qaçılmazdır və regionda uzunmüddətli sülhün təməlini təşkil edir.

O, bu məsələdə tam əminliyini ifadə edib:

"Mən gələcəkdə mütləq olacaq üç şeyi dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Bu üç şeyə 100 faiz əminəm".

Paşinyan vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında insanların, nəqliyyatın və yüklərin sərbəst hərəkəti sülhün bərqərar olmasının praktiki sübutu olacaq:

"Təsəvvür edin: biz Azərbaycana gedirik və geri qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçərək gedir və qayıdır, qatarlar hərəkət edir — bax, sülh budur".

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə nəqliyyat marşrutunun açılmasının Ermənistanla Mərkəzi Asiya ölkələri arasında ticarətin inkişafı üçün yeni imkanlar yaratdığını bəyan edib.

Paşinyanın sözlərinə görə, nəqliyyat məhdudiyyətləri ucbatından Ermənistan indiyədək Avrasiya İqtisadi İttifaqının (Aİİ) bəzi böyük bazarlarına effektiv çıxış əldə edə bilməyib:

"Aİİ-də elə bazarlar var ki, biz indiyədək oraya de-yure yox, de-fakto normal daxil ola bilmirdik: Qazaxıstan, Qırğızıstan... Nəqliyyat məhdudiyyətlərinə görə bu nəhəng bazarlara rəmzi ixracatımız var idi. İndi isə Azərbaycan üzərindən nəqliyyat imkanı açılıb. Bu, Ermənistanla Qazaxıstan və Qırğızıstan arasında ikitərəfli mal dövriyyəsinin inkişafı üçün yeni bir fürsətdir. Aİ və Türkiyə istiqamətinə gəlincə, Ermənistan üçün Axalkalaki — Qars dəmir yolu açılıb. Hazırda Türkiyə ilə ikitərəfli ticarət de-yure olaraq rəsmiləşib".

Moskva ilə əlaqələrə toxunan hökumət başçısı yaranan bütün sualların münaqişəsiz, sakit və ikitərəfli formatda müzakirə ediləcəyini vurğulayıb:

"Rusiya Federasiyası ilə də qardaşcasına, dostcasına, səbirlə, nə qədər vaxt lazımdırsa, mübahisələrə girmədən, əsəbləşmədən, sakit və dinc şəkildə danışacaq, tənzimlənməsi vacib olan məsələləri müzakirə edib həll edəcəyik".

Ermənistana idxal olunan Rusiya qazının mümkün bahalaşması barədə sualı cavablandıran Paşinyan tərəflər arasında uzunmüddətli razılaşmaların mövcud olduğunu xatırladıb:

"Mövcud müqavilələrin icrasından imtina ediləcəyini təsəvvür etmək mənə çətindir". Bununla belə, o, rəsmi İrəvanın hadisələrin müxtəlif inkişaf ssenarilərini nəzərdən keçirdiyini və yaranan sualları Aİİ çərçivəsində müzakirə etməyə hazır olduğunu əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin