Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 9-da Moskva ətrafındakı Balaşixa şəhərində baş vermiş səs-küylü avtomobil partlayışı ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, rəsmi şərh zamanı Peskov partlayan "BMW X3" markalı avtomobildə həlak olan şəxsin adını açıqlamaqdan qətiyyətlə imtina edib, lakin hadisə barədə Rusiya Prezidenti Vladimir Putinə dərhal məruzə edildiyini vurğulayıb: "Bəli, partlayış baş verib, lakin aparılan istintaq səbəbindən detallar ictimaiyyətə açıqlanmır".
Hərbi ekspertlər və media subyektləri Rusiyanın bu mövqeyini analoqsuz hadisə hesab edirlər. Çünki Rusiya hakimiyyəti ilk dəfədir ki, bu miqyasda bir sui-qəsddə həlak olan şəxsin adını, hətta cinayət işinin hansı maddə ilə qaldırıldığını rəsmən gizlədir.
Rusiya və Ukrayna mənbələrinin, o cümlədən "The Insider" və "Agentstvo" nəşrlərinin yaydığı pərdəarxası məlumatlara görə, məhv edilən şəxs Rusiya Müdafiə Nazirliyi Baş Raket-Artilleriya İdarəsinin raket və sursat tədarükü idarəsinin rəisi Damir Davıdovdur. Onun rütbəsi barədə ziddiyyətli məlumatlar var – bəzi mənbələr onu polkovnik, digərləri isə general-leytenant kimi təqdim edir.
Maraqlıdır ki, bu, son dövrlərdə sui-qəsd nəticəsində öldürülən dördüncü Rusiya generalıdır. Paralel olaraq, iyunun 10-da Moskvada daha bir avtomobil partlayışı qeydə alınıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, strateji elmi-istehsalat müəssisəsinin əməkdaşına qarşı yönələn bu sui-qəsdi ukraynalı kuratorların göstərişi ilə iki yeniyetmə (biri bombanı ötürən qız, digəri quraşdıran oğlan) icra edib. Hər iki yeniyetmə saxlanılıb, partlayış zamanı xəsarət alan olmayıb.
Bizim.Media



































































































