Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı büdcəsinə üzvlük haqqı köçürmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Mirzoyan bu barədə Ermənistan Milli Assambleyasının daimi komissiyalarının birgə iclasında danışıb.
“2025-ci ildə KTMT-nin fəaliyyətində iştirakımıza görə üzvlük haqqı ödəməmişik. Bunun sadə səbəbi var: biz həmin fəaliyyətlərdə iştirak etməmişik”, – deyə nazir bildirib.
Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan etmişdi. Baş nazir Nikol Paşinyan bu qərarı təşkilatın Ermənistan qarşısında təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdı.
Ermənistan Xarici İşlər Nazirliyi daha əvvəl də İrəvanın KTMT-nin 2024-cü il büdcəsinin maliyyələşdirilməsində iştirakdan imtina etdiyini bəyan etmişdi.
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın KTMT-yə qayıtmayacağını bildirərək, lazım gəldiyi təqdirdə təşkilatdan tam çıxmaq barədə qərar qəbul ediləcəyini də vurğulamışdı.
Bizim.Media






































































































