Ermənistanda parlament seçkilərinin gedişatında gərginlik pik həddə çatıb. Ölkənin ikinci böyük şəhəri olan Gümrüdə xüsusi təyinatlı maskalı şəxslər "Güclü Ermənistan" blokunun yerli qərargahını mühasirəyə alıblar.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı "Güclü Ermənistan" partiyasının mətbuat katibi Marianna Qəhrəmanyan rəsmən təsdiqləyib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi bölmələri qərargahın ətrafını nəzarətə götürərək ofisə giriş-çıxışı məhdudlaşdırıb. Hələlik əməliyyatın hansı səbəbdən keçirildiyi və rəsmi olaraq hansı ittihamlarla bağlı olduğu barədə ətraflı məlumat verilmir.
Müxalifət cinayət təqibi və bu addımları seçki günü öz fəallarına qarşı törədilən növbəti təzyiq dalğası kimi qiymətləndirir.
Xatırladaq ki, günün erkən saatlarında həmin siyasi blokun Geqamasar icmasındakı səlahiyyətli nümayəndəsi də iki dəfə səs verməyə cəhd ittihamı ilə saxlanılmışdı.
Bizim.Media




























































































