Türkiyədə təşkil olunan “Azərbaycan Kinosu Günləri” çərçivəsində silsilə tədbirlər başlayır.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.
Bizim.Media xəbər verir ki, tədbir eyni zamanda İzmir və Bursa İl Mədəniyyət və Turizm İdarələri, İzmir Azərbaycan Dərnəyi, o cümlədən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin dəstəyi ilə həyata keçirilir.
Tədbir proqramının açılış mərasimi və ilk film nümayişi mayın 5-i, saat 14:00-da Ege Universitetində baş tutub.
Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin:Sonadək sirli” təqdim ediləcək. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.
Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur.
Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.
Proqram çərçivəsində nümayiş olunacaq digər ekran əsərləri:
7 May: Bursa Osmanqazi Göstəri Mərkəzində “Buta” filmi nümayiş etdiriləcək. Elə həmin gün Uludağ Universitetində kinosevərlər Azərbaycanın sevilən retro filmi “Qayınana”nı izləmək imkanı əldə edəcəklər.
Qazi Universiteti: Azərbaycan Türkcəsi Təhsil Ocağının tələbələri üçün “Cənnət yuxusu” filminin xüsusi nümayişi planlaşdırılır.
Mudanya Universiteti: Proqramın davamı olaraq bu ali təhsil ocağında “Zəfər rəqsi” sənədli filmi tamaşaçılara təqdim olunacaq.
Bizim.Media
































































































